Büdcənin neft gəlirlərinə uyğunlaşdırılması bizi risklərdən qurtarır
Qərb ölkələri tərəfindən Rusiyanın iqtisadi təzyiqlərə məruz qalması rublun digər valyutalara münasibətdə mövqeyini itirməsinə gətirib çıxarıb. Birjalarda arzuolunmaz mənzərə yaranıb, banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi və İran rialı da yaşayır. Azərbaycana qonşu olan hər üç ölkə həm də əsas ticarət tərəfdaşlarımız hesab olunur.
Xüsusən, şimal qonşumuz Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək, xammala əsaslanan ixracımızda əsas rolu tutur. Bu baxımdan rublun və lirənin hədsiz ucuzlaşması Azərbaycan cəmiyyətində manatın dəyərdən düşməsi ilə bağlı narahatlığa səbəb olub. Hətta ölkə rəsmilərinin bəyanatları da toplum arasındakı süni ajiotajı dəf etməyə kifayət etməyib. Lakin əksər iqtisadçı ekspertlər əminliklə ifadə edirlər ki, Azərbaycanda manatın ucuzlaşması və xarici valyutaların məzənnəsinin artması üçün heç bir əsas yoxdur.
İqtisadçı-ekspert Fuad İbrahimov türk lirəsinin şəffaf üzən məzənnə rejimində olduğu üçün dollara qarşı bu qədər həssas reaksiya verdiyini bildirib və manatla bağlı hazırda elə də ciddi bir narahatçılığa əsas olmadığını diqqətə çatdırıb:
"Azərbaycanın hazırkı iqtisadi siyasətində dolların bahalaşması gözlənilmir. Sadaladığımız ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi problemlər var.
Onlara nisbətən biz açıq-aşkar üzən məzənnə siyasətinə riayət etmirik. Daha çox administrativ idarəetmə üslubundan istifadə edirik. İkincisi, bizim iqtisadiyyatın həcmi ilə Rusiya, Türkiyə və İranın iqtisadi həcmini bərabərləşdirmək düzgün olmazdı. Ən vacib məqamlardan biri də odur ki, hazırda neft amilindən asılı olduğumuz halda neftin qiyməti stabil olaraq qalıb. Azərbaycanın büdcəsinin həmin neft gəlirlərinə uyğunlaşdırılması hazırkı vəziyyətdəki risklərdən bizi qurtarır.
Yəni idxal, ixrac əməliyyatlarından əmələ gələn balansımızda kəskin mənfi vəziyyət yaranmır. Bu da məzənnənin stabil saxlanmasına imkan verir. O demək deyil ki, iqtisadi səviyyədə tarazlığımız bərpa olunub və biz qurtarmışıq. Bu problem yalnız o halda indiki vəziyyətdə yarana bilər ki, neftin qiyməti kəskin şəkildə aşağı ensin və məcburiyyət qarşısında qalıb məzənnənin ucuzlaşması istiqamətində buraxmalı olacağıq. Amma hazırda bunu saxlamağa kifayət qədər imkan var.
Ən azından avqust ayınadək kəskin ucuzlaşma gözlənilmir. Təbii ki, neftin qiyməti sabit qalmaq şərtilə... Yox əgər fos-major hal baş versə, yəni neftin qiyməti kəskin ucuzlaşsa, idxal-ixrac arasındakı balanslılıq mənfi istiqamətdə inkişaf etsə, o zaman manata qarşı təzyiq də yüksələcək. Belə hal baş verəcəyi təqdirdə hökumətin qərarından asılı olaraq növbəti devalvasiya addımı atıla bilər. Amma dediyim kimi hazırda narahatlığa səbəb yoxdur”.
Şəymən