Avropa etiraf edir: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib"







"Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qərarı birbaşa Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiqləyir”.

Bunu "Sherg.az”a millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, şikayət edən şəxslər üçün verilən belə qərar kifayətdir ki, işğal öz təsdiqini tapsın:

"Avropa etiraf edir. Bu, çox vacib, hüquqi sənəddir. Bütün beynəlxalq aləm üçün vacibdir. Daha üstün məsələ odur ki, azərbaycanlı məcburi köçkünlərin başına gətirilənlərə görə, Avropa Ermənistanı cəzalandırsın. Bu dövlət yalnız təzminatla vurduğu ziyanı ödəyə bilməz. Düşmən işğaldan əl çəkməli, biz öz doğma yurd-yuvalarımıza qayıtmalıyıq. Bu, bizim üçün ən böyük töhfə, ən dəyərli ödəniş olar. Qalan xırda ödənişlərin əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərar çıxarıb. Qərara əsasən Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan üçün 6 şikayətçinin hər birinə 5 min avro ödəməli və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir.

Aysel Aslan