Almaniya Türkiyəni qısqanır, təzyiq bir az da artacaq
“Berlin Ankara hökumətinin nailiyyətlərini həzm edə bilmir”
Türkiyə ilə Almaniya arasında son vaxtlar müşahidə olunan gərginlik səngimək bilmir. Rəsmi
Berlinin PKK-nın siyasi qanadı hesab olunan HDP üzvlərinin həbsinə görə Ankaranı sərt tənqid
etməsi, FETÖ terror təşkilatı üzvlərinə qucaq açması və xarici işlər naziri Frenk Valter
Ştaynmayerin kəskin açıqlamaları iki ölkə arasında ciddi qarşıdurma yaradıb.
Xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin qayğılarını dilə gətirərək, almaniyalı həmkarını
sərt tənqid edib. Almaniya rəsmiləri də Türkiyə hökumətinin atdığı addımları pisləyib və bu cür
davranışın Avropa Birliyinə gedən yolu bağladığını iddia ediblər.
Almaniya-Türkiyə gərginliyini "Şərq”ə şərh edən politoloq Tofiq Abbasov iki ölkə arasında münasibətlərin daha da kəskinləşə biləcəyini istisna etməyib:
"Prinsip etibarı ilə hər iki dövlət bir-biri ilə normal əlaqə qurmaqda maraqlıdır. Çünki tərəflərin əlverişli və ümidverici ortaq layihələri var. Almaniyada 6 milyona yaxın türk mənşəli insan yaşayır ki, onların da proseslərə müəyyən təsir gücü var. Ancaq son illər iki ölkənin milli elitası arasında yaşanan qarşıdurmalar, söz atışmaları adi hala çevrilib.
Alman elitasının davranışında post-imperiya sindromu özünü nümayiş etdirir. Əlbəttə, Almaniya
ABŞ-la çəkişə bilmir. Əksinə, Berlin hökuməti, xüsusən Angela Merkelin dövründə Amerika
siyasətinin yedəyində gedir. Amma Fransa və İngiltərə kimi ölkələrə sözünü sərt formada deyir.
Bununla Avropada siyasi və iqtisadi cəhətdən söz sahibi olduğunu, güclü dövlətə çevrildiyini
isbatlamağa çalışır”.
Ekspertin sözlərinə görə, Türkiyə müsəlman aləminin lider ölkələrindən
biridir. Son illər qardaş ölkə çox ciddi iqtisadi irəliləyişə nail olub. Həm bu faktor, həm də Rəcəb
Tayyib Ərdoğanın sərt açıqlamaları Almaniyanı qıcıqlandırır:
"Qərb bütün islam dövlətlərini qeyri-demokratiyada, avtoritarizmdə ittiham edir. Halbuki Avropanın göbəyində yerləşən Almaniyanın özündə insan haqları kobud şəkildə pozulur. Nümayişçilərə, anti-qlobalistlərə qarşı dəhşətli təqib və təzyiqlər edilir. Burada nəinki ikili, artıq saxta standartlar özünü büruzə verir. Buna rəğmən Almaniya Türkiyəni siyasi təzyiqlərdə, insanlara qarşı güc tətbiq etməkdə əsassız olaraq suçlayır. Əlbəttə, bunların hamısının səbəbi Almaniyanın Türkiyəni qısqanmasıdır”.
T.Abbasova görə, Berlin Ankara hökumətinin nailiyyətlərini həzm edə bilmir:
"Almaniya özü də etiraf edir ki, onlar Türkiyənin Avropa Birliyinə girməsinə icazə verməyəcək. Ona görə də çalışır ki, Türkiyəni tənqid edərək bir növ öz təsiri altında saxlasın. Əslində Almaniya kimi ölkələr öz hegemonluğunu digər dövlətlərə, daha doğrusu ikinci dərəcəli ölkələrə qəbul etdirməyə çalışır. Olmayan şeyləri "həqiqət” kimi dünya ictimaiyyətinə çatdırmağa cəhd edir, qara piar
kampaniyası ilə məşğul olur. Bu cür mövqe bütünlüklə Avropaya xas xüsusiyyətdir. Onlar heç
vaxt inkişafa meyilli ölkələri dəstəkləməyiblər. İndi Türkiyəni də xaraba qalmış ərəb ölkələrinəçevirmək istəyirlər. Xüsusən Almaniya Ərdoğanın qətiyyətli və geri çəkilməz mövqeyini
qısqanır, ona paxıllıq edir. Çünki Avropada artıq güclü lider anlayışı qalmayıb. Qitə ölkələrinin
heç birində nüfuzlu siyasi lider yoxdur”.
İsmayıl