Avstriya da Qarabağ danışıqlarına yardım edə bilməyəcək




ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov ilə Moskvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək.

Bu barədə məlumat verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT sədrinin yanvarın 17-18-də Moskvaya səfər edəcəyini qeyd edib. M.Zaxarovanın sözlərinə görə, S.Kurts və S.Lavrov Avstriyanın ATƏT-də sədrliyi dövründə regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırışları nəzərə almaqla qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Şərq”ə açıqlamasında Kurtsla Lavrovun görüşündən heç bir gözləntisi olmadığını deyib: 

"Almaniya Avropa İttifaqının aparıcı dövləti olmasına rəğmən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-in sədri olaraq münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail ola bilmədi. Hətta Aprel döyüşləri zamanı 7 maddəlik təklifləri olduğunu iddia etdilər və bu təkliflər sonralar üzə çıxmadı. Xatırlayırsınızsa, ölkə başçısı İlham Əliyev Berlinə səfəri zamanı Merkellə birlikdə keçirilən mətbuat konfransında bəyan edildi ki, Dağlıq Qarabağ məsələsi ilə Rusiya məşğul olsa yaxşıdır. Faktiki olaraq, Almaniya məsuliyyəti boynundan atdı. Odur ki, Avstriyanın da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi bir fəallıq nümayiş etdirəcəyini zənn etmirəm: "Avstriyanın xarici işlər nazirinin açıqlamasında da Qarabağla bağlı ciddi fikirlərə rast gəlmədim. Ötəri olaraq qeyd etdi ki, münaqişələrin həll olunması vacibdir, vəssalam!”

Şəymən