Avtomobillərin qiyməti sürətlə bahalaşacaq

Səbəblərdən biri ölkəyə daxil olan maşınların sayının artmasının qarşısını almaqdır




Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən, 2018-ci ilin yanvarın 1-dən istifadə müddəti bir ilə qədər olan minik avtomobillərinin idxalına tətbiq olunan gömrük rüsumu 75 faiz, istifadə müddəti bir ildən artıq olan avtomobillər üçün 71,4 faiz artırılır.

Bu, təbii ki, özünü avtomobillərin qiymətlərində də göstərəcək. Hətta artıq sözügedən qərar qüvvəyə minmədən avtomobil bazarında qiymət artımının müşahidə edildiyi bildirilib.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev deyib ki, minik avtomobillərinin idxalına tətbiq olunan gömrük rüsumlarının artırılması kimi addımlara dünya təcrübəsində bir çox hallarda əl atırlar: 

"Səbəblərdən biri daxili bazarın qorunması, yəni yerli istehsalçılara dəstək göstərilməsidir. Digər səbəb, ümumiyyətlə, avtomobillərin sayının artmasının qarşısının alınmasıdır. Bu, adətən yerli istehsalı olmayanlarda daha aktualdır. Bir də büdcənin doldurulması istəyinin olması da səbəblərdən biri kimi olur. Əlavə səbəblər də olur. Amma konkret olaraq Azərbaycanda gömrük rüsumlarının artırılması zərurətinin nədən ibarət olmasına cavab vermək çətindir. Çox güman ki, səbəb bir deyil”.

Avtomobil bazarındakı vəziyyətin onsuz da son illər yaxşı olmadığını qeyd edən iqtisadçı bu il də müəyyən qədər qiymət artımının müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, artıq yeni ildən olacaq dəyişikliklər də qiymətlərdə nəzərə alınmağa başlayır: 

"Qərarın nəticəsi istənilən halda bahalaşmaya təsir edən amildir. Əgər xaricdən maşın gətirilməsi bahalaşırsa, deməli, bu, yerli bazara da təsir edəcək”.

Şəymən