Kim gündəmə gəlmək istəyir, əlinə bir "külüng" alıb düşür medianın dilinin üstünə...Tərcümə Mərkəzi sözləri və mətnləri ana dilimizə avtomatik çevirən proqramlar hazırlayıb qlobal sistemə inteqrasiya etmiş olsaydılar, onların danışmağa dili olardı
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin saytları - Aydinyol.az və Aztc.gov.az - Azərbaycandakı bəzi onlayn media orqanlarının dil qüsurlarını monitorinq edib. Lakin Mərkəz bəzi məşhur saytları "diqqətdən” kənarda qoyub və saytların hansı parametrlərə görə seçilməsi ilə bağlı məlumat verməyib. Eyni zamanda, "monitorinq”in çoxsaylı nöqsanlarla aparılması da diqqət çəkib. Mərkəzin qərəzli monitorinqinə kəskin reaksiya verən "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı bu barədə yazıb:
- Mən hələ də anlaya bilmirəm ki, bu ölkədə niyə bəziləri öz işi ilə, daha dəqiqi, üzərinə düşən işlə məşğul olmur.
Bir dostumuz dedi ki, Tərcümə Mərkəzinin saytları - Aydinyol.az və Aztc.gov.az - Azərbaycandakı bəzi (niyə bəzi?) onlayn media orqanlarının dil qüsurlarını monitorinq edir və nəticələri adını çəkdiyim saytlarında yayır. İlk dəfə Tərcümə Mərkəzinin saytına daxil oldum və monitorinqin nəticələrinə baxdım. Monitorinqə məruz qalan saytlar arasında rəhbərlik etdiyim hər 3 sayt - Axar.az, Publika.az və Teleqraf.com da vardı.
Hörmətli Afaq Məsud nə etmək istəyir?
Monitorinq olunan saytlar hansı parametrlərlə seçilib, reytinqə görə ilk onluqda olan saytlardan niyə bəziləri kənarda qalıb? Hansı "dostluq prinsipləri” ilə məhz biz bu şərəfə nail olmuşuq, anlaya bilmədim. Nəticələr isə xeyli cavabsız sual yaratdı. Əvvəla, monitorinqə cəlb olunan yazıların bəziləri istinadla, hiperlinklə verilib. Misal üçün, Axar.az-da Virtualaz.org-dan hiperlinklə dərc edilən yazı monitorinq edilib...
Və yaxud ümumiyyətlə, Axar.az-da mövcud olmayan yazı "monitorinq”ə cəlb edilib. Gülməli deyilmi? Ümumiyyətlə, mənə aydın olmadı ki, Tərcümə Mərkəzinin məqsədi nədir? Bu yöndə, bildiyim qədər, Mətbuat Şurası müəyyən layihələr həyata keçirir:
Dilçilik İnstitutunun Monitorinq şöbəsi var, bəzi jurnalist və ana dili ilə bağlı təşkilatların da monitorinqləri vaxtaşırı nəzərə çarpır. Bəs birdən-birə mediada yazı, dil, üslub qüsuru axtarmaq Tərcümə Mərkəzinin haradan yadına düşüb? Dilçilik İnstitutu, Dövlət Dil Komissiyası, medianın problemlərini araşdıran QHT-lər və s. var. Hörmətli Afaq Məsud nə etmək istəyir, dilçilərin, media mütəxəssislərinin gördüyü və görməli olduğu işləri də kurasiyasına alıb daha işgüzar görünmək niyyətindədir?
Bir oxucu kimi özümün də bildiyim və ədəbiyyat bilicilərindən eşitdiyim qədər, Afaq xanımın yazı dili nə tərcüməçi, nə də yazıçı kimi uğurludur. Tənqid edən gərək birinci özündən başlasın. Üstəlik, Azərbaycanda tərcümə sahəsində həddən ziyadə problem ola-ola, tərcümə sahəsi ədəbiyyatımızın ən ağrılı yeri sayıla-sayıla, siz kimdə səhv axtarırsız? Əvvəl tərcümə etdiyiniz məhsulun keyfiyyətinə və səviyyəsinə baxın, gördüyünüz işlərin yükü, həyata keçirilmə şəraiti, qiymətləndirilməsi və operativliyi məsələlərinə diqqət yetirin, sonra başqalarının gözündə tük axtarın...
Mən demirəm ki, medianın problemləri və yaxud dil qüsurları yoxdur. Amma bu səviyyədə və bu peşəkarlıqla aparılan monitorinq ümumi gedişata xeyir vermir. Və sizin medianın qüsurlarını axtarmaq çabalarınız tərcümə ədəbiyyatının səhvlərini, özü də haqq qazandırılması mümkün olmayan səhvlərini çoxaldır. Gah "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü dərc edib, ölkənin tanınmış dilçi alimlərində səhv axtarırsınız, gah mediada dil qüsuru arayırsınız, "monitorinq” keçirirsiniz… Siz məgər tərcümə işi ilə məşğul olmalı deyilsiniz? Yoxsa tərcümədən başqa bütün işlərə qeyri-peşəkar səviyyədə müdaxilə etmək Tərcümə Mərkəzinin funksiyasına daxildir? Enerjinizi ədəbiyyata sərf edin. Monitorinqlə deyil, etdiyiniz yüksək səviyyəli tərcümələrlə dilə xidmət etməyə çalışın - əlbəttə, əgər bacarırsınızsa…
Ay adam, get işinlə məşğul ol!!!”
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Tərcümə Mərkəzinin keçirdiyi monitorinq və Aynur Camalqızının yazdığı status barəsində məlumatsız olsa da, son zamanlar mediaya qarşı yönələn əsassız ittihamları arzuolunmaz hal kimi dəyərləndirib: "Günü-gündən sayları artan "media ekspertləri”, bu sektora yaxından-uzaqdan aidiyyəti olmayan, medianın funksiyasının nə olduğunu bilməyən şəxslər belə özünün üstünlüyünü nümayiş etdirmək üçün medianın fəaliyyətini tənqid edib, guya aşkara çıxardığı faktlara dair hesabatlar yayır. Əksəriyyətinin isə narazılığına səbəb mətbuatın onlara diqqət göstərməməsidir. Gecə-gündüz hikkələrini, aqressiyalarını medianın üzərinə tökməyin yollarını axtarırlar.
Görünür, kimlərsə Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı sərəncamlarının fəlsəfəsini düzgün anlamayıb. Problemin kökünün harada olduğunu bilmədiklərindən mediada dil xətalarının araşdırılması istiqamətində "qlobal” təcrübə aparırlar. Onların bu yanaşması kökündən yanlışdır. Bütün fəaliyyət sahələri kimi media da tənqiddən kənar qala bilməz. Belə bir toxunulmazlığımız yoxdur. Lakin bizdə xəta axtaran adamlar birinci özlərinə baxsınlar.
Tərcümə Mərkəzi lingvo, yaxud bu kimi digər beynəlxalq tərcümə platformalarına bənzər bir iş qoysun ortalığa, beynəlxalq onlayn tərcümə sisteminə inteqrasiya olunmuş onlayn tərcümə proqramları yaratsın, sonra ünvanımıza hansı ittihamları istəyir səsləndirsin, cavab haqqımızı da tanımasın. Kim gündəmə gəlmək istəyir, əlinə bir "külüng" alıb düşür medianın dilinin üstünə... Ay adam, get işinlə məşğul ol!!!”
... o zaman bizim də boynumuz qıldan incə olacaq
Mətbuatın öz qaydaları, öz prinsipləri olduğunu vurğulayan E.Mirzəbəylinin sözlərinə görə, mediadan anlayışı olmayan insanların monitorinq keçirməsi, saytların, qəzetlərin dil, üslub xətalarını incələməsi absurddur: "Yazının ictimai əhəmiyyəti, cəmiyyətə verdiyi xeyir, doğurduğu rezonans qalır bir kənarda, vergül səhvi axtarıb ona qiymət verirlər. Gərəkli işlə məşğul olub vergülə dönən naftalin qoxan adamların peşəkar medianın dilində qüsur axtarması etik deyil. Bu işin öz icraçıları, peşəkarları var. Mətbuat Şurası və Milli Televiziya və Radio Şurası mütəmadi olaraq KİV-lərin dili ilə bağlı monitorinqlər keçirir, səhvlərimizi qeyd edir. Bu prosesin içərisində isə öz işinin peşəkarı olan mütəxəssislər, jurnalistlər iştirak edir.
Mediaya aidiyyəti olmayan adamlar bizim səhvlərimizi incələmək məsuliyyətini öz üzərinə götürməsə daha məqsədəuyğun olar. Elə bilirəm ki, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. Tərcümə Mərkəzinin funksional fəaliyyətinin isə nədən ibarət olmasını yuxarıda sadaladım. Sözləri və mətnləri ana dilimizə avtomatik çevirən proqramlar hazırlayıb qlobal sistemə inteqrasiya etmiş olsaydılar, onların danışmağa dili olardı. Nə vaxt ki, bu qurum ortalığa cəmiyyət üçün faydalı bir iş çıxaracaq, o zaman bizim də boynumuz qıldan incə olacaq”.
Tərcümə Mərkəzinin "şey”i səhv hesab etməsi düzgün deyil
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu da Tərcümə Mərkəzinin Azərbaycandakı bəzi onlayn media orqanlarının dil qüsurlarını monitorinq etməsinə münasibət bildirib. Onun sözlərinə görə, Tərcümə Mərkəzi monitorinq olunan saytların hansı parametrlərə görə seçilməsi ilə bağlı açıqlama verməlidir. (Kult.az) Tərcümə Mərkəzinin səhvlər aşkarladığı onlayn media qurumlarının bunu tələb etmək haqqı olduğunu vurğulayan İnstitut direktoru qeyd edib ki, Nəsimi adına Dilçilik İnstitutu KİV-lərin Azərbaycan ədəbi dilinin normalarına əməl edib-etməməsini öyrənmək məqsədi ilə monitorinq keçirdi. Sonra isə həmin KİV-lərin nümayəndələrini dəvət edib bildirdik ki, filan səhvləriniz var. Hər halda, Mərkəz səhv tapdıqları onlayn media nümayəndələrini
dəvət edib, onlara səhvlərini deməli və bunu əsaslandırmalı idi.
Nağısoylu Tərcümə Mərkəzinin "şey” sözünü səhv hesab etməsinin isə qəbuledilməz olduğunu bildirib: "Ədəbi dildə "şey” sözü istifadə edilir, bu söz bütün lüğətlərdə var. Onun səhv kimi qeydə alınması qətiyyən düzgün deyil”.
Şəymən