"Ayna"- "Zerkalo" qəzetlərinin baş redaktoru, tanınmış jurnalist Elçin Şıxlı yenicə fəaliyyət başlayan "Ayna TV”-nin yaranma zərurətindən və fəaliyyət istiqamətlərindən danışıb.
O, Sherg.az-a açıqlamasında qeyd edib ki, bu TV əvvəlcədən planlaşdırılmışdı:
"Bilirsiniz ki, Azərbaycanda ən böyük televziya peşəkarından ikisi - Qulu Məhərrəmli və İbrahim Nəbioğlu "Ayna" nın müəllifləri arasındadırlar. TV-nin yaranmasına dair söhbətlər edirdik. Sözün doğrusu, bunun bir qədər gecikməsinə səbəb maliyyə problemləri və o iki peşəkarın bu işə yaxşı mənada vasvasıcasına yanaşması oldu. Arif Əliyev və mən qəzetçiyik. Bəzi xırda məqamlar var ki, biz onu görə bilmirik.
Dünən, birinci söhbətimizi yayandan sonra İ. Nəbioğlu məni bir xeyli danladı. O televizyaçı kimi mənim görmədiklərimi görür. İndi çalışacağıq onları da aradan qaldıraq".
E. Şıxlının sözlərinə görə, zərurət ondan irəli gəldi ki, bu, ənənəvi, standart televiziya deyil: " Dünənki ilk söhbətimiz 27 dəqiqədir. Əslində mənə elə gəlir ki, söhbət maksimum 20 dəqiqə olmalıdır. İndi insanlar internetdə xəbərlər və eləcə də görüntünün çevik olmasını istəyir. İnsanların o qədər vaxtı yoxdur. Yəni lakonik xəbərlərə baxırlar. Yazılar da yazacağıq, amma onların da həcmini çox böyük etmək istəmirik. Məncə, TV daha rahat və demokratik formadı. Yəni xəbər birbaşa insandan insana ötürülür".
TV-də toxunulacaq mövzulara diqqət çəkən baş yazar qeyd edib ki, yazılarında toxunduqları mövzuları, orada göstərdikləri və ya göstərmədikləri problemləri müzakirəyə çıxaracaqlar: "
İstəyirik ki, interaktiv olsun. Oxucu, dinləyici və izləyicilər bizə çevik şəkildə öz fikirlərini sosial şəbəkə vasitəsilə bildirirlər. Ya tərifləyirlər, ya da nöqsanları çatdırırlar. TV indiki zamanda ünsiyyətin daha çevik və insani formasıdır. Bu mənada biz belə bir formadan istifadə etmək fikrinə düşdük. Hər şeydə səmimiyyət olmalıdır".
E. Şıxlı onu da əlavə edib ki, artıq mözvularla bağlı oxuculardan müəyyən sifarişlər alırlar: "
Yazırlar ki, filan mövzuya toxunsaydınız yaxşı olardı. Amma elə mövzular var ki, mənim ondan başım çıxmır. Durub, dilettant kimi danışmağım da düzgün olmazdı. Biz həmin mövzuları öz aramızda müzakirə edəcəyik, görək hansına səviyyə şəkildə toxuna biləcəyik və yaxud da toxuna bilməyəcəyik. Baxarıq bəlkə də özümüz izah edə bilmədiyimiz məqamlar üçün həmin sahənin mütəxəsisi olan sanballı şəxslərdən xahiş edəcəyik, onlar izah edəcəklər. Belə şeylər də mümkündür".
Qeyd edək ki, tanınmış jurnalist Elçin Şıxlının rəhbərlik etdiyi "Ayna.az” saytında "Ayna TV” yayıma başlayıb. Məlumata görə, "Ayna.az” rəhbərliyinin məlumatına görə, hələlik həftədə bir dəfə təxminən 25-30 dəqiqəlik müzakirə proqramı efirə çıxacaq. Həm saytdakı məqalələr, həm də günün mühüm hadisələri bu müzakirələrin əsas mövzusu olacaq. "Ayna TV”də ilk söhbəti tanınmış jurnalistlər İbrahim Nəbioğlu, Arif Əliyev və Elçin Şıxlı üçlükdə aparıb. "Ayna"nın müəllifləri ilk verilişdə ötən ili səciyyələndirməyə çalışıblar.
Ayyət Əhməd