Azərbaycan aviaşirkətində biabırçılıq...

“Necə yəni, əməkdaş yük yerində gizlənir, yük yerində Almaniyaya uçur?!”
“Bu çox ciddi hadisədir və təhlükəsizlik xidməti personalına qarşı da ciddi ölçü götürülməlidir”


Azərbaycana məxsus aviaşirkətlərdən birində qəribə hadisə baş verib. Adı çəkilməyən aviaşirkət əməkdaşı təyyarənin yük yerində gizlənərək Almaniyaya uçub. Gizlənmiş halda Almaniyaya uçan şəxs Frankfurt-Xan hava limanının uçuş-enmə zolağında saxlanılıb.

Saxlanılan şəxs yüklər təyyarəyə yüklənərkən gizləndiyini deyib. Təxminən 40 yaşlı bu şəxs Almaniya federal polisinə təhvil verilib və onun barəsində sərhəddi qeyri-qanuni keçmə maddəsi üzrə cinayət işi açılıb.

Uzun illər Azərbaycan Hava Yolları - AZAL-ın prezidenti olmuş Ədalət Əliyev "Şərq”ə açıqlamasında baş vermiş olayı biabırçılıq adlandırdı:

- Sanki, nağıldır... Necə yəni, əməkdaş yük yerində gizlənir, yük yerində Almaniyaya uçur?! Bu hadisə hava limanında təhlükəsizlik xidmətinin bərbad fəaliyyətini göstərir. Burada təhlükəsizlik xidməti birbaşa günahkardır. Bir halda ki, əməkdaş yük yerində gizlənə bilir, deməli, orada başqa şey də gizlətmək olar. Hesab edirəm ki, bu çox ciddi hadisədir və təhlükəsizlik xidməti personalına qarşı da ciddi ölçü götürülməlidir. Dünyanın hazırkı qarışıq bir vaxtında, ölkələr terror təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda belə səhlənkarlıqlar qarşısıalınmaz təhlükələrə səbəb ola bilər. Məncə, hava limanında ciddi tədbirlər həyata keçirilməlidir.

Məlahət Rzayeva