Azərbaycan beynəlxalq aləmdə mövqeyini bir daha möhkəmləndirib

Elman Nəsirov: “Hollandiyanın nüfuzlu ING maliyyə holdinqinin hazırladığı analitik hesabat kifayət qədər həqiqəti əks etdirir”
Musa Quliyev: “İnsanların istəyi də odur ki, evlərində rahat yaşasınlar, hüquqları qorunsun”



Azər Həsrət: "Belə bir sorğu aparılmadan hər kəs bilir ki, Azərbaycanda xalqla dövlət-hakimiyyət arasında qarşılıqlı inam, etimad çox yüksək səviyyədədir”



Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət və əldə edilən müsbət nəticələr Azərbaycanın beynəlxalq aləmdəki yerini möhkəmləndirir, nüfuzunu artırır. Sevindirici cəhət ondan ibarətdir ki, qazanılan nailiyyətlər yerli ictimaiyyət, Azərbaycan xalqı ilə bərabər beynəlxalq aləm tərəfindən də müsbət qiymətləndirilir. Bunu beynəlxalq təşkilat və qurumların, maliyyə institutlarının keçirdikləri soğrular, apardıqları dəyərləndirmələr də təsdiqləyir.

Bu günlərdə Azərbaycan daha bir beynəlxalq təşkilatın məruzəsində öz mövqeyini möhkəmlədib. Niderlandda yerləşən ING maliyyə holdinqinin analitik məruzəsində Azərbaycandakı iqtisadi vəziyyət, cəmiyyətin durumu ətraflı şəkildə təhlil edilib. Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında aparılan araşdırmanı Azərbaycanda adını qeyd etdiyimiz holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb. Aparılan araşdırma və vətəndaşların ortaya qoyduğu mövqe kifayət qədər maraqlı məqamları üzə çıxarıb. Əsas diqqət yetirilməli məqam ondan ibarətdir ki, məruzədə Azərbaycan vətəndaşlarının 81 faizdən çoxunun hökumətə inam və etibar göstərdiyi bir daha öz təsdiqini tapıb. Bu vaxta qədər bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, Azərbaycana qarşı qərəzli mövqedə dayanan qurumların qeyri-obyektivlikdən kənar çıxış etmələri və uydurma məruzə hazırlamalarına cavab olaraq qeyd etdiyimiz məruzədə cəmiyyətin mövcud idarəetmə sisteminə dəstək nümayiş etdirdiyi açıqca ortaya qoyulub. Anti-Azərbaycan şəbəkənin müntəzəm olaraq yaydığı hesabatlarda iddia edilirdi ki, guya, cəmiyyət mövcud idarəetmə sistemindən narazıdır. Bu mənada ACT LLC humanitar tərəfdaşlıq təşkilatının məruzəsini Azərbaycanın uğurunu istəməyən, xalqla hakimiyyət arasında uçurum yaratmağa çalışan qüvvələrə elə cəmiyyətin öz cavabı kimi dəyərləndirmək olar.

Məruzədə qeyd olunub ki, vətəndaşların böyük əksəriyyəti ölkənin gələcəyini nikbin qiymətləndirir. Əslində burada qəribə bir şey yoxdur və nikbinliyi şərtləndirən amillərlə bağlıdır.

Bu amillər isə Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu layihələr, atdığı addımlardır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi, "Şahdəniz” yatağı ilə bağlı müqavilənin 2050-ci ilə qədər uzadılması, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi məhz ölkə vətəndaşlarında öz gələcəyinə nikbinlik yaradan başlıca amillərdir. Azərbaycan vətəndaşı gözəl dərk edir ki, vurğuladığımız layihələrdən gələn qazanc və gəlirlər yaxın illərdə onun həyat şəraitini, sosial rifah halını daha da yaxşılaşdıracaq. Məhz bu baxımdan Azərbaycan vətəndaşlarında öz gələcəyinə nikbinlik var. Məruzədən aydın olur ki, ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da verib. Araşdırma zamanı Azərbaycanda iqtisadi vəziyyət də təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılıb. Qeyd edilib ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır. Məruzədə kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olacağı da yer alıb. Bunu yaradan əminlik isə ölkədə qeyd edilən istiqamətdə ardıcıl addımların atılması, islahatların həyata keçirilməsidir.

Millət vəkili Elman Nəsirov deyib ki, Hollandiyanın nüfuzlu ING maliyyə holdinqinin Azərbaycanla bağlı hazırladığı analitik hesabat kifayət qədər həqiqəti əks etdirir. Deputat bildirib ki, məruzəni hazırlayan ekspertlər Azərbaycandakı siyasi-iqtisadi vəziyyəti, insanların sosial durumunu, onların gələcəyə baxışı ilə bağlı vəziyyəti hərtərəfli analiz ediblər: 

"İlk növbədə hesabatda diqqəti cəlb edən məqam əhalinin hakimiyyətə inamıdır. Məruzədə qeyd edilir ki, əhalinin 81 faizi hakimiyyətə etibar edir. Bu çox vacib məqamlardan biridir. Əhalinin 65 faizinin parlamentə, 45 faizinin isə siyasi partiyalara inanması da yüksək göstəricidir. Bu da onu göstərir ki, hakimiyyət xalqın mənafeyinə uyğun siyasət həyata keçirir, milli maraqları hər şeydən üstün tutur”. E.Nəsirov bəyan edib ki, hakimiyyətin yürütdüyü siyasətin əsasında Azərbaycan vətəndaşının mənafeyi və sosial rifahı durur: "Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, siyasi və sosial islahatlar müsbət nəticəsini verməkdədir və hesabatda da əhalinin bütün bunlara verdiyi müsbət qiymət əksini tapıb”.

Milli Məclisin üzvü Musa Quliyev deyib ki, neçə illərdir ki, xalq Prezident İlham Əliyevə dəstəyini bildirir və hər zaman dövlət başçısının ətrafında sıx birləşir: 

"Xalq görür ki, ölkədə sabitlik, haqq ədalət var. Qanunlar işləyir, vətəndaşların rifah halı dövlət tərəfindən yaxşılaşdırılır, sosial müdafiə təmin olunur. Azərbaycan ordusu güclənir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır. İnsanların istəyi də odur ki, evlərində rahat yaşasınlar, hüquqları qorunsun, işi olsun. Bunların hamısı varsa, xalq niyə razı olmalı deyil?”.

Siyasi şərhçi Azər Həsrət də deyib ki, Azərbaycanla bağlı belə rəqəmlərin ortaya çıxması təsadüfi deyil: "Bu ölkədə hər kəsin şəxsən cənab Prezidentə böyük etimad göstərdiyi bilinən reallıqdır. Əslində, ilk rəqəm məhz cənab Prezidentin nüfuzuna görə 100 faiz də ola bilərdi. Sadəcə olaraq sorğuda iştirak edənlərin bir qismi yerlərdə bəzi balaca məmurların uyğunsuz davranışlarından əsəbləşərək hökumətə etibar məsələsində çəkingən davranıb. Ümumiyyətlə isə belə bir sorğu aparılmadan hər kəs bilir ki, Azərbaycanda xalqla dövlət-hakimiyyət arasında qarşılıqlı inam, etimad çox yüksək səviyyədədir. Bunun da səbəbi, bir daha qeyd edirəm, cənab Prezidentin şəxsinə olan inam və etibardır”.

İsmayıl