“Azərbaycan Çin üçün Cənubi Qafqazda ən əlverişli tərəfdaşdır”

"Çin dünya iqtisadiyyatında xüsusi çəkisi olan bir ölkədir”.
Bunu "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli deyib.
İqtisadçı bildirib ki, Çin dünyanın bütün ölkələrinin, o cümlədən də Azərbaycanın ən iri həcmli ticarət tərəfdaşıdır: 
"Çinlə iqtisadiyyatımızın çoxşaxəli olması və hərtərəfli inkişafı haqqında iqtisadçılar və siyasətçilər nikbin fikirlərini bəyan edirlər. Azərbaycan regionda ən iri layihələrin müəllifidir. Trans-milli nəqliyyat layihələrinin təşəbbüskarıdır. 
Düşünürəm ki, Azərbaycan və Çin arasında münasibətlər daha da inkişaf edəcək. Çünki Çin öz ticarət dövriyyəsini həyata keçirərkən ilk nöbədə logistika, nəqliyyat dəhlizlərinə daha çox diqqət yetirir. 
Ümumiyyətlə, hazırda alternativ və əlverişli nəqliyyat yollarının axtarışı istiqamətində ciddi araşdırmalar gedir. Yeni dəhlizlərin perspektivi öyrənilir. Bu baxımdan Azərbaycan Çin üçün Cənubi Qafqazda ən əlverişli tərəfdaş hesab olunur”.
Ekspert bəyan edib ki, Rusiya ilə Avropa arasında nəqliyyat infrastrukturunun əsas bağlayıcı hissəsi Azərbaycana məxsusdur: "Bu siyasəti rəhbər tutaraq Azərbaycanla Çinin nəinki təkcə iqtisadi cəhətdən, həm də regional strateji baxımdan əməkdaşlıq etməsinin böyük perspektivi var. Biz bunun müsbət nəticələrini görəcəyik”.
Qeyd edək ki, aprelin 17-də Çinin Sinxua agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsini dərc edib. Çin-Azərbaycan münasibətlərini dəyərləndirən dövlət başçısı bu əlaqələrin 1994-cü ildə Ulu Öndər tərəfindən qoyulduğunu bildirib. "Azərbaycan və Çin dost ölkələrdir” deyən Prezident vurğulayıb ki, iki ölkə arasında iqtisadi sahədə fəal əməkdaşlığın olduğunu söyləyib: "Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. Bizim ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və biz daha çox Çin şirkətlərini ölkəmizdə investor, ticarətçi və podratçı qismində görmək istəyirik. Azərbaycanda çox münbit sərmayə mühiti olduğundan biz sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görməyə ümid edirik”.
İsmayıl