Azərbaycan da idxalda dollara qadağa qoya bilərmi ?






"İranda dollarla idxal qadağan olunsa da, "qara bazar”larda şirkətlər tərəfindən dollar alınıb, satılır”.

Bu barədə "Sherg.az”a İran Mərkəzi Bankının ticarət əməliyyatlarında ABŞ dolları ilə idxal sifarişlərini qadağan etməsindən danışarkən iqtisadçı, millət vəkili Vahid Əhmədov bildirib. 

Deputat qeyd edib ki, İranın dollarla idxala qadağa qoyması ABŞ və İran arasındakı münasibətlərin gərginləşməsindən irəli gəlib:

"Bu, çox çətin məsələdir. Dolları sıradan çıxarıb, başqa valyutadan istifadə etməyə çalışan dövlətlər çox olub, amma bunu reallaşdıra bilməyib. Onun reallaşması üçünsə, böyük məbləğdə vəsait xərcləmək lazımdır”.

Bu prosesin Azərbaycanda mümkünlüyünə gəlincə, millət vəkili buna ehtiyacın olmadığını vurğulayıb: "Birincisi, indiki halda Azərbaycanın dollarla idxala qadağa qoyması mümkün deyil. ikincisi isə buna heç ehtiyac da yoxdur".

Qeyd edək ki, İran Mərkəzi Bankının Sənaye, Mədən və Ticarət Nazirliyinə göndərilən təlimatda idxalçıların dollar əvəzinə başqa valyutalardan istifadə etmələri irəli sürülüb. İran mediası bu qərarı ABŞ-ın hələ də İran banklarına tətbiq etdiyi qadağa ilə əsaslandırır.

Aysel Aslan