"Azərbaycan genişmiqyaslı müharibəyə başlamasın !" - PROQNOZ

Zərdüşt Əlizadə: "Çünki Rusiyanın münaqişəyə nəzarəti, Moskva hərbi bazasının Ermənistanda mövcudluğu, öz ərazisini azad etmək istəyən Gürcüstanın başına gətirdiyi müsibətlər örnəkdir"




"Dağlıq Qarabağda yeni müharibə təhlükəsinin olduğuna inanmıram”.

Bu sözləri "Sherg.az”a politoloq Zərdüşt Əlizadə deyib. O diqqətə çatdırıb ki, müharibənin başlamasına əsas yoxdur:

"Rusiyanın münaqişəyə nəzarəti, Moskva hərbi bazasının Ermənistanda mövcudluğu, öz ərazisini azad etmək istəyən Gürcüstanın başına gətirdiyi müsibətlər örnəkdir ki, Azərbaycan genişmiqyaslı müharibəyə başlamasın.

Türkiyə və Rusiya arasında münasibətlər pisləşmişdi. Hazırda əlaqələr yaxşılaşdırılmağa başlayıb. Ona görə, Türkiyə də bizə görə Rusiya ilə müharibə aparmayacaq. Düşünürəm ki, Pakistan, Türkiyə və Azərbaycan XİN rəhbərlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin sadəcə formatının dəyişməsindən söhbət gedə bilər. 

Bu isə bir məqsədlə edilə bilər. Rusiya öz nəzarət mexanizmlərini gücləndirərsə, buna imkan verməsi mümkündür. Rusiyanın öz ordusunu işğal altındakı torpaqlarımızda yerləşdirməsi də bizə əl vermir. Ona görə, Dağlıq Qarabağ münaqişəsinin danışıq formatında tənzimlənməsində yeniliyin baş verməsinə inanmıram. Çünki bu, heç bir dövlətə xeyir gətirmir”.

Ayyət Əhməd