"Azərbaycan güc faktorunu ortaya qoyanda, Rusiya özünü irəli atır" - Aktual şərh

"Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən möhtəşəm hərbi parad Ermənistandan öncə Rusiyanın yuxusuna haram qatıb”.
Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Ekspert bəyan edib ki, paradda qonşu ölkələrin hərbi nazirlərinin iştirakı və xüsusi ilə türk şahinlərinin bizim pilotlarla birlikdə nümayiş etdirdikləri möhtəşəm performanslar hərbi qüdrətimizə güvənimizin artdığına əyani sübutdur:
"Azərbaycanın hərbi qüdrətinin artması Dağlıq Qarabağın işğaldan azad olunması istəklərimizin reallaşmasını yaxınlaşdıran faktorlardandır. Hər dəfə Azərbaycan tərəfi münaqişənin həlli məsələsində güc faktorunu ortaya qoymağa cəhd edəndə Rusiya "yuyulmamış qaşıq” kimi özünü ortaya atır. "Münaqişənin sülh yolu ilə həlli variantları hələ bitməyib” kimi növbətçi bəyanatlar verərək torpaqlarımızı azad etmək hisslərimizi boğmağa çalışır. 
Bəzən də kəskin və sərt tərzdə "münaqişənin güc yolu ilə həlli variantı yoxdur” kimi bəyanatlar verir. Mariya Zaxarovanın sonuncu bəyanatını incələyərkən eyni üslubu görürük. Bu dəfə də Zaxarova Moskvanın mövqeyinin dəyişmədiyini bildirərək, müttəfiqi Ermənistanı rahatladan bəyanat verib. Biz də bilirik ki, Qarabağ məsələsində Moskvanın mövqeyi dəyişməz qalır və Kreml prosesin beləcə davam etməsi üçün bütün səylərini ortaya qoyur”.
Politoloq Azərbaycanın bu istiqamətdə ən doğru yolu tutduğunu vurğulayıb:
"Fikrimcə, Rusiyanın özündə baş verəcək dəyişikliklər onun münaqişəyə baxışlarını dəyişəcək. Bizim üzərimizə düşən ən vacib məsələ ordu quruculuğunu gücləndirməkdir”.
İsmayıl