Azərbaycan ilk gündən mərhələli variantın tərəfdarıdır

“Sadəcə, Rasim bəy erməni mətbuatına danışarkən, İrəvanın təqsiri üzündən sülhün baş tutmamasını daha sərt formada deməli idi”



Millət vəkili Rasim Musabəyov Ermənistanın yarı rəsmi "Arminfo” agentliyinə müsahibə verib. Qarabağ münaqişəsinin nizamlanması barədə danışan deputat vurğulayıb ki, tərəflər münaqişənin həllinə mərhələlərlə, qarşılıqlı güzəştlərlə və əvəzində müəyyən bonuslar əldə etməklə irəliləyə bilərlər: "Məsələn, "çərçivə razılaşması”nın qəbulundan dərhal sonra birinci mərhələdə 2-3 rayon boşaldılır, əvəzində Azərbaycan və Türkiyə Ermənistanla bütün kommunikasiyaları açır.

Bu, elə də kiçik məsələ deyil. Xüsusən, nəzərə alanda ki, Ermənistan Türkiyə üzərindən Avropaya və Yaxın Şərqə, Azərbaycan üzərindən isə İrana və Rusiyaya dəmir yol çıxışı əldə edir. Eyni zamanda Dağlıq Qarabağ aviasiya reysləri üçün Bakıdan razılıq alır”. Musabəyov hesab edir ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi və qarşıdurmanın azalması tərəflərə növbəti addıma keçməyə imkan verəcək: "Bu mərhələdə Dağlıq Qarabağın aralıq statusu razılaşdırılacaq və Xankəndini siyasi dialoqa qoşmaq mümkün olacaq, xarici bazarlara çıxış imkanı əldə etməklə təsərrüfat-iqtisadi fəaliyyətinin yolu açılacaq. Əvəzində isə daha 2-3 rayonun işğaldan azad edilməsini həyata keçirmək mümkündür. Nizamlama prosesində pozitiv dinamikanı təmin etmək mümkündür və artan qarşılıqlı etimad atmosferində bu gün həlli mümkün görünməyən bir çox məsələləri həll etmək olar”.

Millət vəkilinin açıqlamasına müansibət bildirən politoloq Azər Rəşidoğlu deputatın mərhələli həll variantından danışdığını və bunun yeni təklif olmadığını deyib. Ekspert bildirib ki, mərhələli variant münaqişənin mərhələlərlə nizama salınmasını özündə ehtiva edir. Yəni əvvəlcə ermənilər işğal etdikləri ərazilərdən öz qoşunlarını çıxarırlar, məhz bundan sonra Ermənistanın blokadası aradan qaldırılır, Dağlıq Qarabağa ən yüksək status verilir: 

"Vaxtilə Azərbaycan tərəfi bu təkliflər paketi üzərində işləyib. Faktiki olaraq Azərbaycan mərhələli və paket variantına razı idi. Ancaq rəsmi Bakı tərəfindən müəyyən düzəlişlərin olması tələb edilirdi. Azərbaycan şərt kimi işğal olunmuş ərazilərin boşaldılmasını və bundan sonra statusun müəyyənləşməsini, kommunikasiya xətlərinin açılmasını tələb edirdi. Ermənistan isə hər iki təkliflər paketinə qarşı çıxaraq danışıqlar prosesini pozurdu”. 

Analitikin sözlərinə görə, 1998-ci ildə həmsədrlər yeni təkliflər paketi ilə çıxış ediblər: 

"Praqa variantından sonra 2005-ci ildə Polşada məhz bununla bağlı müzakirələr aparıldı və tərəflər hardasa razılığa gəlməyə başladılar. Bundan sonra uzun müddət proses məhz həmin mərhələli həll və Varşava Sammitində əldə olunan razılaşma əsasında getdi. Hazırda Azərbaycan mərhələli variant ilə razıdır, ancaq Ermənistan qeyri-konstruktiv davranır və danışıqlar prosesini pozur. Azərbaycanın tələbi budur ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri rayonları boşaltsınlar və məcburi köçkünlər yaşadıqları ərazilərə qayıtsınlar. Sonra Dağlıq Qarabağa ən yüksək status verilsin, münaqişənin növbəti dəfə alovlanmaması üçün sülhməramlı qüvvələr həmin o ərazilərə yerləşdirilsin. Lakin bu da müəyyən edilməlidir. Sülhməramlı qüvvələr kimlərdən ibarət olacaq, hansı ölkənin say tərkibi neçə faiz təşkil edəcək və onlar hansı müddətdən sonra həmin əraziləri tərk edəcəklər. Azərbaycan ilk gündən mərhələli variantın tərəfdarıdır. Sadəcə, Rasim bəy erməni mətbuatına danışarkən, İrəvanın təqsiri üzündən sülhün baş tutmamasını daha sərt formada deməli idi”.

İsmayıl