"Hələlik Azərbaycan manatına ciddi təhlükələr yoxdur”.
Bunu "Sherg.az”a iqtisadçı, ekspert Natiq Cəfərli deyib.
O xatırladıb ki, bu gün də Azərbaycanın neftdən asılılığı yüksəkdir:
"Ölkənin iqtisadi göstəricilərinə, o cümlədən manatın məzənnəsinə ən çox təsir edən amil neft qiymətləridir. Bu il isə neftin qiyməti 35 faiz artdı, valyuta gəlirləri yüksəldi.
Gələn il dünyada bir çox hadisələrin baş verməsi ehtimalı yüksəkdir. Federal Rezerv Sistemi Amerikada (FED) uçot dərəcəsini növbəti il 3-4 dəfə artırmağı düşünür. Bu gün Bakı vaxtı ilə saat 11-də FED-in ilin sonu ilə bağlı toplantısı keçiriləcək, qərarı açıqlanacaq. Güman ki, uçot dərəcəsi 0,25 faiz artacaq. Bu dolların bahalaşması üçün ciddi amilə çevrilə bilər. Nəticədə ətraf ölkələrin milli valyutalarına mənfi təsir edəcək. İstər-istəməz orada baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına mənfi təsirləri görünəcək.
Neftin qiyməti hələlik Azərbaycan üçün yaxşı səviyyədədir. Amma təminat yoxdur ki, gələn il yuxarı qiymətlər qalacaq. Ola bilər, gələn il neft hasilatının Amerikada, Kanadada artmasına görə, neftin ucuzlaşmasının şahidi olacağıq. Təqribən 50-55 dollara qədər neftin qiyməti geri çəkilə bilər. Paralel olaraq, hər iki proses baş verərsə, Azərbaycan manatına basqılar olacaq.
Yerli məsələlərdən manatın qiymətinə təsir edən gələn ilin büdcə xərclərinin artmasıdır. 2018-ci ilin büdcəsi 4 milyard manat da artırıldı. Məntiqlə, manat dövriyyəsi də artacaq. Bu da valyuta alışlarına marağı, valyutaya tələbatı artıra bilər. Nəticədə manatın dollara qarşı məzənnəsində dəyişikliklər baş verər.
Ümumən, gələn il manatın məzənnəsinə iki əsas amil xidmət göstərəcək. Birincisi, dünya bazarlarında neftin qiyməti və FED-in atdığı addımlar, ikincisi isə daxili büdcə xərcləmələrinin artmasıdır. Amma kəskin fərqlərin, devalvasiyaların olmasını gözləmirəm. Bir şey dəqiqdir ki, hökumətin özünə də manatın daha çox möhkəmlənməsi sərf etmir. 1 dolların 1 manat 70 qəpik qiyməti aşağı hədd kimi təsbit olunub. Bundan artıq, manatın məzənnəsinin düşməsini hökumət də istəmir. Amma bu həddən yuxarı cüzi dəyişikliklər ola bilər”.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) baza faiz dərəcəsinin 0,2% artırılmasına qərar verib. Qərar Amerika iqtisadiyyatının böhrandan sonra artıq bərpa olunduğunu təsdiqləyərək, sahibkarlara sərmayələri inkişafda olan bazarlara daha fəal yatırmağa çağıracaq. Benefisiar qismində isə Rusiya çıxış edəcək. Rusiya Mərkəzi Bankı dərəcəni azaldaraq bu prosesə əlavə təkan verəcək.FED-in dekabr iclasının yekunları dekabrın 13-də yerli vaxtla 14.00-da açıqlanacaq (Bakı vaxtı ilə 23.00-da). Daha sonra FED rəhbəri Cannet Yellen bu vəzifədə sonuncu mətbuat konfransını keçirəcək. Xatırladaq ki, dekabrın 5-də Senatın bank komitəsi FED rəhbəri vəzifəsinə Cerom Pauelin namizədliyini təsdiqləyib.
Aysel Aslan