Azərbaycan manatına təzyiqlər olacaqmı? - Deputatdan izah






"2018-ci ildə manatın məzənnəsinə ciddi təzyiqlər olmayacaq”.

Bu barədə "Sherg.az”a millət vəkili Vahid Əhmədov bildirib.
Deputat hesab edir ki, neftin qiymətinin yüksək olması manatın məzənnəsinin qoruyub saxlanmasına imkan yaradır:

"Düzdür, qonşu ölkələrin milli valyutalarına müəyyən təzyiqlər var. Bu isə Amerikanın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini dəyişməsi ilə əlaqədardır. Hələlik uçot dərəcəsi də 0.5, 0.75 faiz həddində saxlanıldığından manatla bağlı problem yoxdur”.

V.Əhmədov idxal-ixrac əməliyyatlarında müsbət saldonun olduğunu da xatırladıb:

"Azərbaycanda ixrac idxalı üstələyir. Bu da təsir etdikdə, manatın məzənnəsinin saxlanması reallaşır. Qeyd etdiyim kimi, 2018-ci ildə manat 1,7 səviyyəsində qoruyub saxlanacaq. Mərkəzi Bankın apardığı siyasət də manatın məzənnəsinin qorunmasına xidmət edir.

 Bu addım, həm sahibkarlar, həm idxal-ixrac əməliyyatları, həm də bank sisteminə etibarlılığı möhkəmləndirmək üçün lazımdır”.

Qeyd edək ki, son vaxtlar dünya bazarlarında dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən cəmiyyət növbəti devalvasiya dalğasının yaşanacağından ehtiyat edir. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən rublun ucuzlaşması, Türkiyədə dolların möhkəmlənməsi isə narahatlıqları bir qədər də artırdı.

Aysel Aslan