
“Azərbaycan mediası bütün dövrlərdə statusunu qoruyub”
Vüsalə Mahirqızı: “APA”-nın indi daha çox internet şirkəti kimi tanınmasına nail olmaq istəyirik”
- Sosial şəbəkələr də cəmiyyətin bir parçası olduğu üçün sözügedən əlavələrə ehtiyac olduğunu düşünürəm. Amma onu da deyim ki, sosial şəbəkələrdə saxta profil və ya saxta hesablardan istifadə edən şəxslərin necə aşkarlanacağı mənə aydın deyil...
"Azəri-Press” Agentliyinin (APA) fəaliyyətə başlamasından 12 il ötüb. 2004-cü il noyabrın 16-dan fəaliyyətə başlayan agentlik Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni dillərində xəbər xidməti göstərir. Ötən bu illər ərzində peşəkar bir komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan APA ailəsi daha da böyüyüb.
İlk başlarda adi bir informasiya agentliyi olaraq Azərbaycanın media məkanına ayaq basan bu xəbər portalı qısa müddət ərzində öz mövqeyini möhkəmləndirərək öncüllər sırasına qoşulub. Peşəkar kollektivin uğurlu fəaliyyəti, xəbərə yanaşma, respublikamızda və dünyada baş verən proseslərin dərin analizi, xəbərlərin operativ, dəqiq çatdırılması, biri-birindən maraqlı, rəngarəng yazılar az vaxt ərzində APA-ya böyük oxucu auditoriyası qazandırıb. Özünəməxsus oxucu auditoriyası olan agentlik 12 il ərzində uğurlu inkişaf yolu keçib, populyarlıq qazanıb və nüfuzlu media orqanlarından birinə çevrilib. Bu baxımdan, biz də "Şərq” kollektivi olaraq həm APA-nın 12 yaşını təbrik etmək, həm də agentliyin fəaliyyəti ilə bağlı bizi maraqlandıran suallara cavab tapmaq məqsədi ilə agentliyin yaradıcısı və onun bu mərhələyə çatmasında əvəzsiz xidmətləri olan Vüsalə Mahirqızı ilə əlaqə saxladıq.
APA-nın ad gününün artıq geridə qalmasına rəğmən gələn təbriklərin ardı-arasının kəsilmədiyini vurğulayan "APA Holdinq”in prezidenti APA-nın ad gününü kollektivlə birgə iş başında qeyd
etdiklərini deyib: "Əslində yubiley yaşı olmadığı üçün xüsusi bir tədbir keçirmədik. Demək olar ki, ad günümüz adi iş günlərimizdən fərqlənmədi. Əməkdaşlarımız yenə də iş başında, xəbər axtarışında oldular. Amma həmkarlarımızın, dostlarımızın təbrikləri, xoş sözləri günümüzə şənlik qatıb, əhval-ruhiyyəmizi daha yaxşılaşdırdı. Təbriklərimiz hələ də davam edir və təbii olaraq bu da bizi çox sevindirir ki, ötən illərimiz boşa keçməyib. Oxucularımızın, həmkarlarımızın, ekspertlərimizin bizə qarşı müsbət münasibətdə olması bizim üçün 13-cü ad günümüzə qədər daha yaxşı işlər görmək və uğurlu layihələr həyata keçirmək üçün bir növ stimul rolu oynadı.

- Şübhəsiz ki, APA-ya olan sevgi və hörmət ictimaiyyətin Vüsalə Mahirqızına olan münasibətindən qaynaqlanır. Bəs kollektivinizlə münasibətləriniz necədir: rəsmi, yoxsa səmimi?
- Mən heç vaxt jurnalistlərlə vəzifə sahibləri arasında fərq qoymuram. Bu təkcə öz əməkdaşlarımıza qarşı belə deyil. Azərbaycan mediasında çalışan bütün jurnalistlər mənim üçün doğmadır. Peşə etikasına xidmət edən, jurnalistikanın nüfuzuna xələl gətirməyən bütün jurnalistləri özümə yaxın hiss edirəm. Əgər bizim amalımız, məqsədimiz eynidirsə, kimin hansı media orqanında çalışmasının nə önəmi var ki? Konkret olaraq, APA-çılarla münasibətlərimə gəldikdə isə deyim ki, iş mühitində rəsmi, digər situasiyalarda isə səmimiyik. Mən hər zaman APA əməkdaşlarının probemli anlarında, şad günlərində yanında oluram. Allah qismət eləməsin, amma olur, həmkarlarımızdan hansısa yaxınını itirəndə həmin itkini doğmamın itkisi kimi yaşayıram. İyerarxiyanın qorunmasının tərəfdarı olduğum üçün iş məsələsində şəxsi münasibətlərə xələl gətirmədən ciddiliyimi qoruyuram. Hər şeydən əvvəl isə biz həmkarıq. Hər gün bir süfrədə yemək yeyir, bir çörəyi bölüşürük. Hamımız evimizə çörəyi eyni obyektdən aparırıq. APA-nın bütün əməkdaşları mənim üçün əzizdir.
- APA əməkdaşlarının peşəkarlığı sizi qane edirmi?
- Sözsüz ki, iş olan yerdə nöqsan da olmalıdır. Bizdə də heç nə yüz faizlik mükəmməl deyil. Səhvlər də olur, anlaşılmazlıqlar da olur. Amma önəmli olan faiz nisbətidir ki, bizdə bu göstərici çox cüzidir. Çalışıb, ortaya çıxan problemləri hay-küysüz həll edirik. Etiraf edim ki, peşəkarlıq səviyyəsi yüzdə-yüz deyil və yəqin ki, heç vaxt da olmayacaq. Bu da tək APA-nın problemi deyil. Bütünlükdə Azərbaycan mətbuatında mövcud olan həmin çatışmazlıqlar bizdən də yan keçməyib. Qlobal inkişaf, yeni-yeni texnologiyaların kəşfi o qədər sürətlə gedir ki, biz müəyyən bir mərhələyə çatanda görürük ki, hələ öyrənəcəyimiz çox şey var.
- Agentliyin maddi durumu necədir, reklam bazarınız qənaətbəxşdirmi?
- Təbii ki, dünyada baş verən qlobal iqtisadi böhran bizə də öz təsirini göstərdiyindən APA-da da maddi çatışmazlıqlar yaşanır. Əməkdaşlarımızı ixtisar edib, onların mövcud maaşlarına toxunmamaq üçün əlavə xərcləri və ezamiyyətlərin azaldılması istiqamətində müəyyən addımlar atılıb. Çətinliklərimiz olsa da, Allaha çox şükürlər olsun ki, ayaqda durmağı bacarırıq. Bilirsiniz ki, ölkənin reklam bazarı sahəsində indiki durum çox zəifdir. Bizim reklam bazarlarımız çox kiçikdir və büdcələr aşağıdır. İndiki halda reklam bazarı ilə bağlı problemlər var. Ancaq nikbinəm. Çünki istehsalçı da, istehlakçı da internetdədir. Bizim o mühitdən müsbət yararlanmağımız üçün bir az işləməyimiz lazımdır.
- 12 yaşlı APA bu gün ölkənin aparıcı informasiya agentliklərindən biri, bəlkə də birincisidir. Maraqlıdır, 12 il bundan əvvəl agentliyi yaradanda bu mərtəbəyə yüksələcəyinizi gözləyirdiniz?
- Əlbəttə, mən elə APA-nı bunun üçün yaratmışdım.
- Bəs, qarşıda hansı hədəfləriniz var?
- APA-nı daha da böyütmək və xəbər agentliyindən daha çox internet şirkəti kimi tanınmasına nail olmaq istəyirik. İnternet üzərindən biznes qurmaq, marketinqlə məşğul olmağı planlaşdırmışıq. Bu gün ölkənin tanınmış xəbər istehsalçılarından biriyik. Amma fikrimcə, APA daha çox analitik agentlik kimi fəaliyyət göstərməlidir. Bizim qarşıdakı hədəflərimizdən biri budur. Daha çox yerlərdə filial açmaq və daha çox dillərdə fəaliyyət göstərmək hədəflərimiz də var.
- Bu günlərdə Azərbaycan nüfuzlu beynəlxalq media qurumlarının toplantısına ev sahibliyi edir. Sizcə, Dünya Xəbər Agentliklərinin 5-ci Konqresinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?
- Dünya Xəbər Agentliklərinin 5-ci Konqresi kifayət qədər ciddi bir tədbirdir. Dünyanın nüfuzlu beynəlxalq media qurumlarının böyük əksəriyyətinin rəhbərlərinin Bakıda olmaları çox əhəmiyyətli bir haldır. Cənab Prezident İlham Əliyevin də mükəmməl bir çıxışı oldu və o həm Azərbaycanın siyasi-iqtisadi həyatı, həm də multikultural dəyərləri barədə geniş açıqlama verib, Azərbaycan mediasına olan xoş münasibətini Konqres iştirakçılarının diqqətinə çatdırdı. Media nümayəndələri hər zaman eşitməkdən daha çox görməyə üstünlük verir. Bu tədbir də məhz nüfuzlu beynəlxalq media qurumlarının rəhbərlərinə və müxbirlərinə Azərbaycanı görmək üçün geniş şərait yaratdı. Hesab edirəm ki, Konqresin ayrı-ayrı sessiyalarında medianın inkişaf strategiyaları ilə bağlı müzakirə olunan mövzular da son dərəcə əhəmiyyət kəsb edir.
- Bəs, Azərbaycan mediasının ümumi durumunu necə dəyərləndirirsiniz? Şablon da olsa, maraqlıdır, Azərbaycanda KİV "4-cü hakimiyyət” statusunu qoruyub saxlaya bilirmi?
- Azərbaycan mediası bütün dövrlərdə bu statusu qoruyub, saxlaya bilib. Əgər bu gün internet mediada, mətbuatda, televiziyada yayılan hər hansı bir məsələ sosial şəbəkələr fonunda bütün cəmiyyətin əsas müzakirə predmetinə çevrilə bilirsə, deməli, ölkədə gedən ictimai-siyasi proseslərə təsir imkanı yetəri qədərdir. Siz sosial şəbəkələrdə mediada öz əksini tapmayan hansısa mövzunun müzakirəsini görmüsünüz? Bütün problem media üzərindən öz həllini tapır və cəmiyyətin müzakirəsinə ötürülür. Medianın təsir imkanlarının daha artıq olması isə KİV-in özünün sağlamlaşdırılmasından və daxildəki mənfi tendensiyaların aradan qaldırılmasından keçir. O cümlədən də dövlət strukturları və ayrı-ayrı institutların mediada qaldırılan məsələlərə operativ yanaşmasından.
- Bu yaxınlarda "Sərhədsiz Reportyorlar” təşkilatı dünyada mətbuat azadlığı reytinqini açıqladı. Mətbuat azadlığı sahəsində ölkəmizin adı yenə də Gürcüstan və Ermənistandan aşağıda yer almışdı. Azərbaycan mətbuatının peşəkar səviyyəsi doğrudan da dünya mətbuatının peşəkar standartlarına cavab vermir? Yoxsa, "Freedom House”, "Human Right” və "Sərhədsiz Reportyorlar” kimi təşkilatlar ölkəmizlə bağlı qərəzli hesabatlar hazırlayırlar?
- İkili standart yeridən bu təşkilatların hər biri məqsədli şəkildə, yəni tam araşdırma aparmadan Azərbaycandakı söz və ifadə azadlığı ilə bağlı hesabatlar hazırlayırlar. Onlar əməkdaşlıq elədikləri yerli qeyri-hökumət təşkilatlarının internet və sosial şəbəkələr üzərindən topladıqları materiallar əsasında belə bir hesabat hazırlayırlar. Hansı ki, həmin yerli QHT nümayəndələrinin böyük əksəriyyətinin bu gün ölkə mediasının durumundan xəbərləri yoxdur. Xaricdə oturub, Azərbaycan mediası üzərindən beynəlxalq təşkilatlarla "alver” edirlər. Onlar nəzərə almırlar ki, sosial şəbəkələrdə əks olunan məlumatlar subyektiv fikirlərdir. Beynəlxalq reytinq cədvəlini hazırlayan təşkilatların Azərbaycana qarşı qərəzli olmaları onların əməkdaşlıq etdikləri yerli QHT-lərin fəaliyyətindən bəllidir. Nəyə görəsə, bu təşkilatlar ancaq hökumətə qarşı birmənalı müxalif mövqedə dayanan insanlarla əməkdaşlıq edirlər. Əgər onlar obyektivliyi qorumaq istəyirlərsə, eyni zamanda müstəqil fəaliyyət göstərən media qurumlarının da mövqelərini öyrənsinlər. Məsələn, mən Azərbaycanın ən böyük media quruluşlarından birinin rəhbəriyəm, amma bu günə qədər "Human Right” və "Sərhədsiz Reportyorlar”ın bir nümayəndəsinin belə mənlə görüş istəyinin şahidi olmamışam. Məgər kimin nə düşünməsindən asılı olmayaraq Azərbaycan mediasında "APA Holdinq”in rolunu danmaq olar? Mənim dediyim sözlər onların xoşuna gəlsə də, gəlməsə də, obyektivlik naminə o insanlar məni dinləmək məcburiyyətindədirlər. Yəni, Azərbaycan mediası haqqında obyektiv və qərəzsiz hesabat hazırlamaq istəyən təşkilat nümayəndələrinin görüşdükləri iki media nümayəndəsindən biri mütləq mən olmalıyam. Amma bu təşkilatların heç biri APA-nın qapısını döyməyiblər. Deməli, özləri qərəzli hesabat hazırlamaqda maraqlıdırlar. Azərbaycanda fəaliyyət göstərən media qurumlarının rəhbərləri "Freedom House”, "Human Right” və "Sərhədsiz Reportyorlar” təşkilatlarına rica məktubları göndərəsi deyil ki, lütfən növbəti hesabatlarınızda bizim də fikirlərimizə yer ayırın. Yaxud da ən azından Mətbuat Şurasının rəhbəri ilə görüşün. Reportları hazırlayan onlardır, deməli, bu cür görüşlərin keçirilməsində də onların özləri təşəbbüskar olmalıdır. Bu hər şeydən əvvəl həmin təşkilatların özlərinin nüfuzu üçün önəmlidir. Necə ki, mən hər hansı bir addım atmazdan əvvəl "APA Holdinq”in imicini düşünürəm, eynən onlar da bu cür hesabat hazırlamazdan əvvəl öz təşkilatlarının beynəlxalq nüfuzunu düşünməlidir. Yəni "Roma papasından daha artıq katolik olmaz”. İllərdir onların Azərbaycandakı media azadlığı və insan haqları ilə bağlı yaydıqları qərəzli hesabatlar sayəsində Azərbaycan cəmiyyəti sözügedən təşkilatlara da, onların fəaliyyətinə də önəm vermir. Qeyd etdiyim bütün səbəblər mənim həmin təşkilatın qərəzli olduğuna dair arqumentlərimdir və ortaya da konkret faktlar qoydum. İndi həmin təşkilatlardan birinin bir nümayəndəsi çıxsın qarşıma fərqli arqument qoysun ki, Vüsalə Mahirqızı haqsızdır. Çıxa bilməzlər axı! Faktiki olaraq bu günə qədər onlar real araşdırma aparmağa cəhd belə etməyiblər.
- Sosial şəbəkələrdə saxta profil və ya saxta hesablardan istifadə edənləri cərimə, səhvi düzəltmədiyi təqdirdə həbs cəzası gözləyir. Baş prokuror Zakir Qaralov tərəfindən təqdim olunan bu əlavələr Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb. Əksəriyyət bu dəyişiklikləri təqdir etsə də, əleyhinə çıxanlar da oldu. Və iddiaları da budur ki, sözügedən dəyişikliklərdən əvvəl sosial şəbəkələrə "sosial KİV” statusu verilməlidir.
- Azərbaycanın "Kütləvi İnformasiya vasitələri haqqında” qanunda qeyd olunub ki, internet yayımı kütləvi informasiya vasitəsi hesab olunur. Qanunun başqa bir maddəsində də öz əksini tapıb ki, şəxslərin şərəf və ləyaqətinin KİV-də təhqir olunması cinayət məsuliyyəti yaradır. Hətta real həyatda belə hər hansı birinin şəxsiyyətini alçaldan insanlar dərhal məsuliyyətə cəlb olunur. Sosial şəbəkələr də cəmiyyətin bir parçası olduğu üçün sözügedən əlavələrə ehtiyac olduğunu düşünürəm. Amma onu da deyim ki, sosial şəbəkələrdə saxta profil və ya saxta hesablardan istifadə edən şəxslərin necə aşkarlanacağı mənə aydın deyil. Bəlkə də, baş prokurorluq xüsusi bir qurum yaradıb monitorinq keçirəcək? Bütün hallarda isə bu əlavələrin müvafiq Azərbaycan qanunvericiliyinə zidd olduğunu zənn etmirəm.
P.S. "Şərq” qəzetinin kollektivi olaraq "Azəri-Press” Agentliyini 12 yaşları münasibəti ilə təbrik edir, APA-nın yaradıcı, texniki heyətinə uğurlar arzulayırıq...
Şəymən