Azərbaycan nefti BAHALAŞDI

Vüqar Bayramov: “Bu, dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxaracaq”



Azərbaycan nefti bahalaşıb. "AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,14 dollar və ya 1,73 faiz artaraq 66,93 dollar təşkil edib.

Azərbaycan neft ölkəsi olduğu üçün son günlər neftin dünya bazarında qiymətinin artması təbii olaraq ölkəmiz üçün çox əhəmiyyətlidir. Amma bunun dayanıqlı olması da suallar doğurur: Neftin qiymətinin bahalaşması nəylə əlaqədardır? Yaxud da bu artım nə qədər davam edəcək?

Neftin dünya bazar qiymətinin artmasının səbəblərini "Şərq”ə açıqlamasında şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, neftin qiyməti həm iqtisadi, həm də siyasi faktorlarla müəyyənləşir. Onun sözlərinə görə, hətta beynəlxalq maliyyə qurumları belə neftin dünya bazarındakı qiyməti ilə bağlı konkret proqnozlar verməkdə çətinlik çəkirlər. Hətta bəzi təşkilatlar neftin qiyməti ilə bağlı proqnozlarını həftədə bir dəfə dəyişir”.
V.Bayramovun sözlərinə görə, neftin bahalaşmasının başlıca səbəbi təklifin azalması ilə bağlıdır: 

"Bildiyiniz kimi, OPEC və qeyri OPEC ölkələrinin razılaşmasına uyğun olaraq dünya bazarına çıxarılan neftin həcmi azaldılıb və bu anlaşma 2018-ci ilin sonuna qədər qüvvədə qalacaq: "Hesab edirəm ki, neftə olan tələbin artması da qiymət artımına rəvac verib. İraq və digər ölkələrin neft ixracatında yaşanan çətinliklər də neftin dünya bazar qiymətinin yüksəlməsinə səbəb olan amillər sırasındadır”.

Qiymət artımlarının hansı müddətə qədər davam edəcəyinə gəldikdə isə ekspert deyib ki, siyasi müdaxilələr olmasa, qiymətlərin stabilləşməsi real görünür. 2018-ci il üçün neftin dünya bazarındakı orta qiyməti 60 dollar ətrafında proqnozlaşdırılıb. Bu isə Azərbaycan dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxaracaq.

V.Bayramovun fikrincə, hər nə qədər neftin qiyməti ilə bağlı proqnoz vermək çətin olsa, inandırıcı görünməyən bəzi hadisələrin zamanla şahidi olsaq belə, yaxın illərdə neftin qiymətinin ən yüksək səviyyəyə çatacağı real görünmür.

Şəymən