"...Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə hazırdır" - POLKOVNİK





"Azərbaycan ordusunun yaranmasının 100 illik yubileyi münasibətlə təşkil olunan hərbi parad Azərbaycan silahlı qüvvələrinin hansı gücə malik olduğunu bir daha göstərdi”.

Bunu "Sherg.az”a ehtiyyatda olan polkovnik Cəlil Xəlilov ölkə başçısı İlham Əliyevin Azərbaycan ordusunun 100 İllik yubileyi münasibətilə bu gün baş tutan möhtəşəm hərbi paradda çıxışı zamanı toxunduğu çoxvektorlu məsələlərə münasibət bildirərkən söyləyib.

O vurğulayıb ki, bu gün Azərbaycan ordusu istifadə etdiyi texnikanın dünyanın beynəlxalq aparıcı güclərinin ordusundakı silahlar olduğunu nümayiş etdirdi:

"Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir. İnkişaf etmiş dünya ölkələri ilə müqayisə etdikdə Azərbaycan həm əhalisinin sayına, həm də hərbi potensialının üstünlüyünə görə, 50 ölkədən biri sayılır. Yaxın müddətdə biz Azərbaycan ordusunu ilk onluqda görmək istəyirik. Buna ordumuzun texniki gücü və kadr hazırlığı qadirdir. Azərbaycan hərbçiləri aparıcı ölkələrin hərbi məktəblərində dərs keçir, təcrübə toplayaraq vətənə qayıdırlar. Artıq ölkəmizdəki hərbi məktəblərə oxumağa gələn xaricilərin də sayı çoxalır.

Azərbaycanın istehsal etdiyi güclü slahlar da dünya bazarlarnda öz yerini tutub. Bu gün keçirilən hərbi paradda həm ölkəmizin istehsalı olan, həm də xarici ölkələrdən alınan silahlar nümayiş olundu. Texniki imkanlar, kadr hazırlığı sübut edir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə hazırdır. 2016-cı il aprel döyüşləri, Naxçıvanda bəzi yüksəkliklərin əldə olunması da sübut etdi ki, ordumuz torpaqlarımızın düşmən tapdağında olması ilə heç zaman barışmayıb, barışmaycaq da. Yaxın gələcəkdə Azərbayan bayrağı Xankəndində, Dağlıq Qarabağda dalğalanacaq”.

Qeyd edək ki, bu gün Azərbaycan ordusunun 100 İllik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərə toxunub. Prezident qeyd edib ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək: "Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni yerinə yetirə bilər. Bu gün hərbçilərimiz ermənilərin ərazimizdə qazdıqları səngərlərdə xidmət göstərirlər”

Aysel Aslan, 
Ayyət Əhməd