"Azərbaycan Rusiya ilə danışıqlar aparsa, bəlkə də... " - DEPUTAT



"Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın əlindədir, amma marağında deyil".

Bunu Sherg.az-a Rusiya rəsmilərinin Dağlıq Qarabağ münaqişəsinin həllində tolundan danışarkən millət vəkili Fəzail Ağamalı deyib. 
Onun sözlərinə görə, vaxtilə münaqişəni faktiki olaraq Rusiya yaradıb: 

"Ona görə də, Rusiya özü bunu həll etməlidir. Ermənistan bu gün Rusiyanın asılılığında olan formal bir ölkədir. Rusiya isə yaratdığı münaqişənin həlli istiqamətində heç bir addım atmır. 

Əslində Azərbaycan Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparsa, bəlkə də indiyə qədər nəticə əldə etmişdi.


Rusiya rəsmiləri ölkənin Qarabağ münaqişəsinin həllində müəyyən rol oynadığını qeyd edirlər. Lakin bunun nəticələrini görə bilmirik. Düzünə qalsa, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın maraqları çərçivəsində deyil. Buna görə də problemin həllinə maraq göstərmir. Diqqət edin, BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların qəbul edilən qətnamələrinə əməl edilmir. Çünki bir tərəfdən Amerika, digər tərəfdən Rusiya buna imkan vermir. 

Rusiya məsələnin həllinə ciddi təsir göstərmək istədikdə ABŞ "düyməyə basır", ABŞ addım atmaq istədikdə isə rəsmi Moskva buna mane olur. Buna baxmayaraq, həmin təşkilatların qətnamələri Azərbaycan üçün ciddi hüquqi əhəmiyyət daşıyır və buna əsaslanaraq, hərbi yolla torpaqlarımızı azad edə bilərik".

Aysel Aslan