Azərbaycan silah ixrac edən ölkəyə çevrilib
İlham Əliyev: “Bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir”
Azərbaycan müstəqilliyini bərpa etdikdən üzü bu yana, ölkəmizin müdafiə sistemi möhkəmləndirilməkdədir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Ordusunun qurulması istiqamətində atdığı addımlar, onun laiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə daha da gücləndirilib. Hər il Silahlı Qüvvələrin gücləndirilməsinə ayrılan maliyyə vəsaitləri artırılır.
Ordunun kadr bazasının genişləndirilməsi, maddi-texniki təchizatın təmini, dünyanın ən müasir silahlarının alınması işləri həyata keçirilib. Bununla yanaşı Azərbaycan həm də silah istehsal edən ölkəyə çevrilib.
Müdafiə Sənayesi Nazirliyinin bir neçə il öncə yaradılmasının bəhrəsini görməkdəyik. Silah sənayesinə pullar səmərəsini Verdi və bu gün ölkəmiz müasir silah istehsalçısından biridir. Bunlar onu deməyə əsas verir ki, ordu islahatları yüksək şəkildə aparılıb. Artıq bu gün Azərbaycan hərbi gücünə görə dünyanın qabaqcıl ölkələri sırasındadır.
Prezident İlham Əliyev bu günlərdə Rusiyanın nüfuzlu TASS İnformasiya Agentliyinə verdiyi müsahibədə də ordumuz haqqında danışarkən, müdafiə qabiliyyətimizin yüksək olduğunu diqqətə çatdırıb. Ölkə başçısı bildirib ki, üxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir:
"Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etməyə imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir.
Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq. Silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək”.
Prezident müsahibədə silah istehsalından da bəhs edib: "Təqribən 10 il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb.
Ona görə ki, o vaxta qədər biz hərbi məhsullar istehsal etmirdik. Bu gün isə belə məhsulları nəinki istehsal edir, həm də ixrac edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir”.
Ekspertlər də Azərbaycanın hərbi potensialının yüksək olduğu qənaətini bölüşürlər.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov deyir ki, bu gün beynəlxalq qurumların silahlanma ilə bağlı bütün statistik məlumatlarında da qəbul olunub ki, Azərbaycan Cənubi Qafqazda ən güclü Silahlı Qüvvələri olan dövlətdir. Ekspertin qənaətincə Azərbaycan Ordusu həm silahlanmaya, həm də yüksək peşəkarlığa görə güclü ordular sırasındadır: "Bu gün ordumuzda olan silah-sursat, texnika, atəş sistemləri, artilleriya qurğuları ən müasir tələblərə cavab verir. Bütün qoşun növlərimiz ən müasir silah və texnika ilə silahlanıb. Ölkəmizin imkanları genişdir.
Bu ilk növbədə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsidir. Ordumuzun kadr potensialı da demək olar ki, postsovet ölkələri arasında birincilər sırasındadır. Azərbaycan Ordusunun zabitləri bütün beynəlxalq tədbirlərdə öz peşəkarlığı ilə seçilir. Bu gün Silahlı Qüvvələrimizin nümayəndələri NATO-nun, eləcə də inkişaf etmiş ölkələrin çoxsaylı tədbirlərinə qatılır və yüksək nailiyyətlər əldə edirlər. Azərbaycan hərbçiləri qardaş Türkiyə kimi böyük dövlətin NATO-nun tərkibindəki hərbçiləri ilə birgə fəaliyyət göstərmələri hərbi qulluqçularımızın, mütəxəssislərin peşəkarlığını nümayiş etdirir. Bunların hamısı Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsidir”.
Polkovnik Ramaldanov vurğulayır ki, yeni hərbi obyektlər açılır, əsgərlərin sosial vəziyyəti yaxşılaşdırılır, döyüş hazırlığı təkmilləşdirilir: "Döyüş hazırlığının keyfiyyətini yüksəltmək üçün lazım olan infrastruktur yaradılıb. Azərbaycan Ordusu yüksək səviyyədə genişmiqyaslı təlimlər keçirir. Azərbaycan əsgərinin peşəkarlığını, ordumuzun təlimlərdə tətbiq etdiyi silahları bütün dünya görür. Silah sənayesinin inkişafına gəldikdə isə, biz hər il istehsal olunan müasir silahların nümayişinin şahidiyik. Artıq ölkəmiz silah ixracatçısına çevrilib .
Bunlar elə-belə məsələlər deyil. Bu gün Azərbaycan əsgərinin bir məqsədi və müqəddəs vəzifəsi var - torpaqlarımızı işğaldan azad etmək. Döyüş hazırlığını daim artıran Azərbaycan Ordusu həm mənəvi-psixoloji, həm maddi-texniki, həm də kadr potensialı cəhətdən düşməndən qat-qat üstündür. Ali Baş Komandanın dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızı qısa zamanda azad etməyə qadirdir”. Ehtiyatda olan polkovnik söyləyir ki, Azərbaycan Ordusu ölkəmizin iqtisadi imkanlarının güzgüsüdür: "Azərbaycan iqtisadiyyatı nə qədər güclənirsə, imkanları nə qədər genişlənirsə, qeyri-neft sektoru inkişaf edərsə Ordumuzun imkanları da bir o qədər artar.
Bu gün dövlətimizin istənilən silahı almağa imkanı var. Ali Baş Komandan İlham Əliyev TASS Agentliyinə müsahibəsində də bu məsələləri bird aha vurğuladı. Azərbaycan Prezidenti əmindir ki, həm cəmiyyət, həm Silahlı Qüvvələr Ali Baş Komandanın hər bir əmrini ən yüksək səviyyədə və qısa vaxtda yerinə yetirməyə hazır və qadirdir. Əsgərdən tutmuş generaladək Ordumuzun bütün şəxsi heyəti işğal altındakı torpaqlarımızı qısa zamanda azad etməyə
hazırdır”.