"Azərbaycan Türkiyə və Ukrayna vasitəsilə yüklərin daşınmasına nail ola bilər"





"Azərbaycan, Türkiyə və Ukrayna arasında əlverişli münasibətlər formalaşır”.

Bunu "Sherg.az”a Bakıda keçirilən Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər Nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələrdən danışarkən politoloq Tofiq Abbasov deyib.

 Onun sözlərinə görə, indiki münasibətlər, qarşılıqlı əlaqələr gələcəyin ümidverici çağırışlarıdır:

"Ukrayna, Azərbaycan və Türkiyə əlverişli coğrafi mövqedə yerləşdiyindən iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün də əlverişli zəmin yaranır.

Avropa ölkələri indiyə qədər inkişaf edən geoiqtisadi zona kimi özünə əlverişli partnyorlar tapır. Bu tərəfdaşlar isə Şərq qütbündə yerləşən, dinamik inkişaf edən dövlətlərdir. Məsələn, ən böyük Şərq ölkələrindən olan Çinin Böyük İpək Yolunu bərpa etmək fikri var. Ukrayna, Azərbaycan və Türkiyə də bu daşımalarda iştirak etməyə maraq göstərir. 

Azərbaycan həm Türkiyə, həm də Ukrayna vasitəsilə irihəcmli yüklərin daşınmasına nail ola bilər. Bütün bu məsələlər ətrafında sözügedən üçbucaq arasında danışıqlar aparılır, rəsmi nümayəndələrin vaxtaşırı görüşü keçirilir. Hər üç dövlət xoş niyyətlərlə özlərinin inkişaf potensialını gerçəkləşdirməyə çalışır. Bu əməkdaşlığa heç bir qüvvə sətiraltı məna yükləməməlidir”.

Qeyd edək ki, siyasi məsləhətləşmələrə Azərbaycan, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov, Ümit Yardım və Vasiliy Bodnar rəhbərlik edib.
Görüşdə ikitərəfli əsasda üç ölkə arasındakı münasibətlərin mövcud səviyyəsi yüksək qiymətləndirilib və üçtərəfli formatda siyasi məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və ölkələrimiz arasındakı ənənəvi dostluğu və tərəfdaşlığı daha gücləndirəcəyinə əminlik ifadə olunub.

Aysel Aslan