"...Azərbaycanda aptek şəbəkəsi azalacaq"- Açıqlama





"Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə ölkədə xəstəliklər, zəhərlənmələr, klinikalarda insan sayı, aptek növbələri, ümumən aptek şəbəkəsi azalacaq, orta ömür müddəti yüksələcəkdir”.

Bunu Sherg.az-a Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasının nəticələrini izah edərkən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, prezident İlham Əliyevin sözügedən fərmanı barədə beynəlxalq təşkilatlara məlumat göndərib:

"Elə ötən gün belə bir müraciət daxil oldu ki, bir gənc uşaqlar üçün "Kinder” adlanan şokolad yumurta alıb və şokoladın istifadə müddətinin artıq 1 ildir başa çatmış olduğunu aşkar edib. Təbii ki, xüsusilə uşaqların sağlamlığından danışdığımıza görə bu ciddi baxılmalı məsələdir. Bəs həmin şikayət ərizəsini hansı quruma göndərə bilərik ki, effektiv nəticə əldə olunsun, belə hallar aradan qaldırılsın. Məlum oldu ki, bununla bağlı ciddi addımlar ata biləcək, heç bir dövlət orqanı yoxdur. Ona görə, cənab prezidentin imzaladığı fərmanı yüksək qiymətləndirirəm ki, bu problem artıq aradan qaldırılır”.

Eyyub Hüseynov deyib ki, qida təhlükəsizliyi haqqında yeni fərmanla bağlı Baş nazirinin müavini Əli Əhmədova sədri olduğu təşkilat adından məktub ünvanlayıb. Məktubda Azad İstehlakçılar Birliyinin bu fərmana ictimai dəstək göstərməyə hazır olduğu qeyd edilib:

"Əlavə etdik ki, 4 il bundan əvvəl beynəlxalq təşkilatlar qida təhlükəsizliyinə dair qanun hazırlayıb və layihənin işçi qrupuna yeganə ictimai təşkilat olaraq AİB daxil edilib. Təəssüf ki, biznes qurumlarını himayə edən məmurlar və ya digər şəxslər bu işə mane törədib. Beləliklə, cənab prezidentin fərmanında da bizim ictimai təşkilat təmin olunmayıb. AİB olaraq, bundan narazı deyilik. 2011-ci ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi təşkilatımıza inamını nümayiş etdirərək, xahiş etdilər ki, Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını qeydiyyata aldıraq. Belə bir nişan qeydiyyata alındı və əməkdaşlarımızla treninqlər həyata keçirildi.

Nəzərdə tutulub ki, təhlükəsiz qida istehsal edən, ölkə başçısının fərmanında öz əksini tapmış, tarladan istehsalın sonuna qədər qida təhlükəsizliyini izləyən hansı firmalar varsa, həmin firmalara qida təhlükəsizliyi nişanını şamil edək. 2011-ci ildən indiyə kimi 6 qida təhlükəsizlik nişanı təmsil edilib. AİB üzvü olduğu beynəlxalq təşkilat vasitəsilə dünyanın 120 ölkəsinə Azərbaycanda təhlükəsiz qida istehsal edən müəssisələr barədə məlumat verib. Bunları baş nazirin müavininə yazmaqla bərabər, təşkilatımızın işçi qrupda təmənnasız təmsil olunmaq istəyini də diqqətə çatdırdıq”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda göstərilən ən vacib məsələlərdən biri Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin yaradılması olub.

Aysel Aslan