"Manatın məzənnəsi barədə yaranan narahatlığın əsasında, qonşu ölkələrin milli valyutalarının dollara münasibətdə dəyərdən düşməsi dayanır”.
Bunu "Sherg.az”a Azərbaycanda manatın ucuzlaşacağı və xarici valyutaların məzənnəsinin artacağı barədə ehtimalları şərh edərkən iqtisadçı - ekspert Pərviz Heydərov deyib.
O qeyd edib ki, Azərbaycanın real iqtisadi göstəriciləri və daxili valyuta bazarındakı vəziyyətlə bağlı ciddi narahatlığa əsas yoxdur:

"Bu ilin birinci rübündə valyuta bazarında Dövlət Neft Fondu tərəfindən satılan xarici valyutanın həcmi ötən illə müqayisədə 65 faizə qədər çoxalıb. Ölkə iqtisadiyyatının real vəziyyəti keçən ilin bu vaxtında olan durumdan yaxşı mənada fərqlənir. Düzdür, iqtisadi sahədə aktivlik güclü deyil. Bununla belə, ötən illə müqayisədə ölkə iqtisadiyyatında canlanma müşahidə olunur. Ötən ilin birinci rübünə nisbətən hazırda dollara tələbat artıb”.
İdxalın müxtəlif istiqamətlər üzrə artmasını müsbət hal kimi dəyərləndirən ekspert vurğulayıb ki, manatın dollara nisbətdə kursunu neftin satış qiymətləri təyin etdiyindən dolların ölkəmizdə bahalaşması üçün hələlik ciddi əsas yoxdur:
"Çünki dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Dünya bazarında neftin qiyməti isə 70 dollar ətrafındadır. Dövlət büdcəsinə yenidən baxılması da müzakirə olunur.
Dövlət Neft Fondunun daxili valyuta bazarında satdığı valyuta neftin satışından kompensasiya olunur. Ona görə, bu ilin sonuna qədər ölkənin valyuta bazarında heç bir ciddi dəyişiklik gözləmirəm. Hətta ölkəyə xarici valyuta axının həcminə uyğun, manatın bahalaşmağa meyl etməsi təkrarlana bilər. Mərkəzi Bank sərbəst üzən məzənnə rejiminə keçildiyini bəyan etsə də, dollar və manat kursunu idarə olunan çərçivədə saxlayır.
Kommersiya banklarının ajiotaja düşməsi, dollar satışını dayandırması heç bir halda həmin banklardakı valyuta qıtlığı ilə izah oluna bilməz. Çünki banklarda olan əmanətlərin, valyuta ehtiyatlarının böyük bir hissəsi xarici valyuta ilə saxlanır”.
Aysel Aslan