Azərbaycanda niyə politoloq qıtlığı yaranıb ? - Deputat səbəbləri sadalayır

Elman Nəsirov:"Politoloq olmaq üçün sosial təminatla bağlı problemlərə göz yumub, potensialını ortaya qoymalısan. Bu peşəni sevmək, ürəkdən bağlanmaq lazımdır. "






"Ölkəmizdə politoloqların sayının az olmasının konkret səbəbləri var”.

Bu barədə "Sherg.az”a siyasi elmlər doktoru,millət vəkili Elman Nəsirov danışıb. Deputat vurğulayıb ki, politoloqların sənəd, diplom nöqteyi-nəzərdən sayları qənaətbəxşdir:

"Çünki müasir ali məktəblərdə politologiya üzrə buraxılışlar var. Lakin söhbət politoloq sənətinin çəkisi məsələsindən gedir. Keyfiyyət göstəricisinə diqqət etməliyik. Politoloq diplomunu almaq, politoloq olmaq demək anlamına gəlmir. Yaxşı politoloq olmaq üçün çox məlumatlı, analitik düşüncə qabiliyyətinə malik olmaq gərəkir. Proses və hadisələri ümumiləşdirmək bacarığı olmalıdır. Politoloqun formalaşmasının bu istiqamətinə bir qədər az diqqət yetirilir.

Xüsusilə, gənclər o sahəyə daha çox meylli olurlar ki, çox gəlir əldə edə bilsinlər. Politoloq olmaq məqsədi olanlar sosial, maddi məsələləri həll etmək imkanlarını qənaətbəxş hesab etmirlər. Qısa zaman ərzində daha çox mənfəət və qazanc əldə etməyə çalışırlar. Politoloq olmaq üçün sosial təminatla bağlı problemlərə göz yumub, potensialını ortaya qoymalısan. Bu peşəni sevmək, ürəkdən bağlanmaq lazımdır. Hiss etməlisən ki, həmin sahədə sənin qabiliyyətin və bacarığın var. Məsələn, jurnalist sual verir, görür ki, özünə politoloq deyən adamın məlumatı heç də jurnalistdən çox deyil. Onda jurnalistdə təəssürat yaranır ki, açıqlama verən şəxs politoloq yox, ən yaxşı halda jurnalistdir. Çünki hətta bəzən politoloq prosesin mahiyyətini, məğzini bilmir. Proqnozları da ziddiyyət təşkil edir. Belə olduqda jurnalist bir dəfə sual verdiyi insana ikinci dəfə sual vermək istəmir”.

Xanımların politologiya sahəsində az olduğunu diqqətə çatdıran E.Nəsirov bu sahədə ənənə olmadığını söyləyib:

"Ya da ki, gənc xanımlar politoloq olub, öz güzəranını bu peşə sayəsində təmin etməkdən uzaqdırlar. Xanımlar da yəqin ki, daha yüksək maaşı olan sahələrə meyllidirlər. Onlar daha çox iqtisadiyyat, dillə bağlı ixtisaslara gedirlər, müxtəlif xarici dilləri öyrənirlər və s.

Son zamanlar ümumiyyətlə, gənclərin poeziyaya axını da azalıb. Xüsusilə, xanımlar bu sahəyə də maraq göstərmir. Əvvəllər şeir yazan, bədii ədəbiyyatla məşğul olan qadınlar çox idi. İndi isə barmaq sayı qədər qadın yazarlarımız var. Buna baxmayaraq, politoloq kimi bir qadın adı çəkə bilmərəm, amma şair kimi tanıdıqlarım var.

Politologiya sahəsində elmi bilik və bacarıqlarını inkişaf etdirmək, praktikaya çevirmək üçün müvafiq elmi tədqiqat mərkəzləri fəaliyyət göstərir. Yüksək səviyyəli politoloq axtarışının nəticə verməməsinin səbəbi test imtahanına köklənmiş tələbənin politoloq keyfiyyətləri lazımi səviyyədə yetişmir. Analitika qabiliyyəti, təhlil, müqayisələr aparmaq mühüm məsələdir. Test sualları bu qabiliyyətləri bunu inkişaf etdirməyə imkan vermir.

Politoloq olmaq üçün böyük informasiya daşıyıcısı olmaqla yanaşı, bunu təhlil etmək, vacib informasiya ilə qeyri-vacib informasiyanı ayırmağı bacarmaq lazımdır. Burada milli ruhun daşıyıcısı olmaq məsələsi də mühüm rol oynayır.

İnsanlar politoloq kimi doğulmurlar. Bu peşəyə yiyələnə bilmək üçün mühit, aldığın təhsil vacib amillərdir. İnsan həm də öz qabiliyyətini üzə çıxara bilməlidir. Məsələn, politoloq kimi çıxış edən şəxs nitqində qəti gələcək zaman ( -acaq, -əcək şəkilçiləri, nümunə - olacaq, baş verəcək) istifadə edirsə, onun politologiya sahəsində problemləri var. Politoloq heç vaxt proqnozlarında buna yol verməməlidir. "Bugünkü reallıqda filan hadisənin baş verməsi istisna deyil, ola bilər” – şəklində fikirlər əsaslandırılmalıdır. Çünki reallıq dəyişir. Proqnoz verərkən diqqətlə ifadə etmək lazımdır ki, sonradan şübhə ilə qarşılanmasın. Proqnozları uyğun gəlməyən politoloqa inam qalmır, jurnalistlər də müsahibə götürmək istəmirlər. Söylədikləri fikirlər alınmazsa, politoloq eyni məharətlə hadisələrin niyə əksinə cərəyan etdiyini izah edə bilməlidir.

Politoloqun ifadələri diplomatik olmalıdır. Bill Klinton qubernator vəzifəsində çalışdığı müddətdə 1992-ci ildə prezidentliyə namizədliyini verib. Həmin vaxt rəqibləri onu ittiham edir ki, ondan prezident olmaz. 

Onların əsası isə o idi ki, Bill Klinton qubernator olarkən, narkotiklərin qeyri-qanuni dövriyyəsinə görə həbs edilən qardaşını azad etdirib. B.Klinton isə bu məqamda diplomatik cavab verir. O deyir ki, bu hadisə olub, polis mənim yanıma gəlib, qardaşımı həmin məsuliyyətlə həbs etdiyini dedi. Polis məndən nə etməli olduğunu soruşduqda cavab verdim ki, bu halda nə etmək lazımdırsa, onu da edin. Nəticədə qardaşımı azad ediblər, bu mənim tapşırığım deyil.

Maraqlı məqam ondan ibarətdir ki, Bill Klinton polislə dialoqunda "bu halda nə etmək lazımdırsa, onu edin” – ifadələrini fərqli mənada, fərqli mimikada bildirib. Yəni onun bu ifadələrinin arxasında "mən qubernatoram, qubernatorun qardaşını həbs edə bilməzsiniz” fikri dayanıb. Bu hadisə də göstərir ki, politoloq çox diplomatik addım atmalı, hər ifadəsini diplomatik tərzdə deməlidir.

Politoloq olmaq böyük peşədir, Zbiqnev Bjezinski, Henri Kissencer kimi tanınmış politoloqların yetişməsi də bunu təsdiq edir”.

Qeyd edək ki, politoloq Elxan Şahinoğlu da müsahibəsində ölkədə politoloq çatışmazlığı olduğunu vurğulayıb. Onun sözlərinə görə, politoloqların bir hissəsi ölkəni tərk edib, qadın politoloqlar isə yox dərəcəsindədir.

Aysel Aslan