"Azərbaycanda Rusiya həbsxanalarından gələn vərəm infeksiyası varsa..." - TƏHLÜKƏ

İlqar Altay:"Rusiya həbsxanalarında olan vətəndaşlarımızın müəyyən edilməsi, onların həbs müddətindəki şəxsi anketləri və hansı xəstəliklərlə müayinə, müalicə olunmaları barədə məlumatlar əldə edilməlidir"



"Rusiya həbsxanalarından yayılan vərəm infeksiyası təhlükəsi ortaya çıxıbsa, Səhiyyə Nazirliyi digər təşkilatlarla qarşılıqlı əlaqələrini və fəaliyyətini qurmalıdır”.

Bunu "Sherg.az”a Rusiya həbsxanalarından başlanğıcını götürən vərəm virusunun yayılmasından danışarkən Azərbaycan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib. 

O bildirib ki, bu işdə Azərbaycan hüquq-mühafizə orqanlarının və sərhəd xidmətinin köməyi olmadan ötüşmək çətin ola bilər:

"Bu məsələ insan, əhali sağlamlığı ilə bağlıdır və sırf Səhiyyə Nazirliyinin işidir. Rusiya həbsxanalarında olan vətəndaşlarımızın müəyyən edilməsi, onların həbs müddətindəki şəxsi anketləri və hansı xəstəliklərlə müayinə, müalicə olunmaları barədə məlumatlar əldə edilməlidir. Azərbaycana qayıdışda sərhədi keçərkən onların bu barədə mütləq tibbi yoxlanışını təmin etmək və Rusiya səhiyyə orqanları ilə əməkdaşlıq etmək vacibdir.

Ümumiyyətlə, dünyada təkamüllə hər şey və hər bir orqanizm dəyişir, yaşayış uğrunda mübarizə aparıb, inkişaf edirsə, mikro-orqanizmlər də inkişaf edir. İstər qrip, istərsə də vərəm mikro-orqanizmləri. Yeni antiviruslar tətbiq edib məhv etdikcə tam məhv olmaq istəmədən xassələrini dəyişirlər. Yeni mühit və yaşayış formasına uyğunlaşıb, öz həyatlarını davam etdirirlər. İnsanların orqanizmindən bu yararlanmada istər-istəməz ziyan vurmaq hesabına başa gəlir”.

Qeyd edək ki, bu məlumatı tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında səsləndirib. Onun sözlərinə görə, vərəm hazırda yeni formada peyda olub:

"Bir ara tamamilə həll edilmiş sayılan xəstəlik son vaxtlar Rusiya həbsxanalarından başlanğıcını götürən, davamlı forması ilə peyda olub. Yenidən bu xəstəlik insan tələfatı riski daşıyır. Bununla bağlı vərəmin köhnə ənənəvi dərmanları təsirsizdir”.

Aysel Aslan