İlqar Altay: "Əsas təminatları da ölkənin şimal bölgəsi ilə qonşu olan şimali Qafqazdan gəlir. Təbliğatları da güclüdür və xeyli gəmc insanlarımızı cəlb edə biliblər"
"Dini radikalların ölkəmizdə ən çox yayılmış hissəsi vəhhabilərdir”.
Bu sözləri "Sherg.az”a ölkəmizdə 16 vəhhabi terrorçunun zərərsizləşdirilməsindən danışarkən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay söyləyib.
O xatırladıb ki, vəhhabilər İslamın sünni qoluna aid radikal ekstremist təbəqədir:
"Radikal ekstremist olduqlarına görə, ruhanilikdən daha çox dava-qırğın, təhdid, zor və terrora meyllidirlər. Məqsəd və ideyalarını da normal təbliğatla yox, qorxu, təhdid gücü ilə həyata keçirirlər. Azərbaycanda ənənəvi olaraq İslamın şiə təriqəti və onların mənsubları üstünlük təşkil edib. Ancaq son iki onillikdə müstəqillik əldə edib, sərhədlərimiz açılandan bəri ölkəyə Ərəbistan tərəfdən sünni təriqəti sürətlə daxil oldu. Ölkədə həm sıravi insanların dinə gəlməsi, həm də bəzi şiə mənsublarının sünni təriqətini qəbul etməsi ilə əlaqədar xeyli sünniləşmə getdi. Bu sünni kütləsinin içində şiələrdə olduğu kimi radikallar da var.

Radikalların ölkəmizdə çox yayılmışı isə məhz vəhhabilərdir. Azərbaycanda əvvəlki qədər üzdə olmasa da, vəhhabilərin kifayət qədər mərkəz və bazaları mövcuddur. Əsas təminatları da ölkənin şimal bölgəsi ilə qonşu olan Şimali Qafqazdan gəlir. Təbliğatları da güclüdür və xeyli gənc insanlarımızı cəlb edə biliblər. Əsas məsələ, onların möminlikdən çox fanat və hazırlıqlı döyüşkən olmalarıdır. Döyüş bacarığında, terror təxribat imkanlarında radikal şiə mənsublarını açığı xeyli geridə qoyurlar. Bu mənada ölkə, dövlət və ictimai sabitlik üçün vəhhabilər təhlükəlidirlər".
Kriminalistin qəanətincə, ölkənin xüsusi xidmət orqanları, Dövlət Təhlükəsizlik Xidməti mütəmadi olaraq, bunlarla mübarizədədir:
"Son dövrlər xeyli vəhhabi zərərsizləşdirilib, həbs edilib. Bu da onların həm yüksək ideya, fanatizmindən, həm də döyüş hazırlığından xəbər verir. Nə qədər əməliyyatlar keçirilir, zərərsizləşdirmə və həbslər aparılır, bunların sayı azalmır. Qorxu hissi də yoxdur. Bu da o deməkdir ki, ölkədə ümumiyyətlə, dini radikalizmə, ekstremizm və fanatizmə qarşı mübarizə güclənməlidir. Həm qanunlar sərtləşməli, həm də onu icra edən hüquq mühafizə orqanları bu sahədə güclü işləməlidir”.
Qeyd edək ki, Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədovun sözlərinə görə, ölkədə vəhhabilik və digər yad dini cərəyan nümayəndələri bu gün də Azərbaycanda fəaliyyət göstərir, qadın və azyaşlıları bu işə cəlb edir: "Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib. Əməliyyatlar zamanı 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün 258 nəfərin vətəndaşlığı ləğv edilib”.
Aydın Baxış