"Mütəmadi keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitləri türkdilli dövlətlər arasında həmrəyliyi gücləndirəcək”.
Bunu "Sherg.az”a Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin əhəmiyyətindən danışarkən millət vəkili, politoloq Rasim Musabəyov söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın türk dövlətləri ilə ayrı-ayrılıqda və müxtəlif təşkilatlar səviyyəsində münasibətləri yüksəkdir:

"Lakin ikitərəfli münasibətlərin inkişaf etdirilməsi kifayət etmir. Türkdilli ölkələrlə çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi də əhəmiyyətlidir. Ona görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, digər təşkilatların daxilində əməkdaşlıqlar perspektiv olaraq qalır.
Özbəkistanın Şuraya qatılması, Türkmənistanın bununla maraqlanması müsbət haldır. Bütün bunlar türk xalqlarının həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir. Hesab edirəm ki, bu cür sammitlər davamlı olacaq və ölkələr arasındakı əməkdaşlığa daha da təkan verəcək”.
Qeyd edək ki, Türk Şurasının baş katibi Bağdad Həmrəyev növbəti – VII Sammitin Azərbaycanda keçiriləcəyini deyib. Lakin sammitin tarixini açıqlamayıb. Həmrəyev xatırladıb ki, Qırğız Respublikasında keçirilən zirvə görüşündə Türk Şurasına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.
Xatırladaq ki, Türk Şurasına Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə daxildir.
Aysel Aslan