"Azərbaycanın valyuta sisteminə xarici müdaxilədən söhbət gedə bilməz"

Natiq Cəfərli: "Ölkəmizdə sadəcə gəlirlərin azalması ilə əlaqədar valyuta qıtlığı hökm sürür"
"Ərdoğan sadəcə türklərə və digər xalqlara emosional təsir göstərməyə çalışır".
Bunu Sherg.az-a Türkiyə prezidenti R.T.Ərdoğanın valyuta bazarında spekulyasiyalar edilməsi barədə çıxışına münasibət bildirərkən, iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ciddi iqtisadi proseslərdə prezidentin bu cür populist çıxışları reallığı əks etdirmir:
"Belə bir hal mövcuddursa, Azərbaycanda ümumiyyətlə valyuta bazarının olmadığını qeyd etməliyik. Bazar olmadığında ona təsir etmək, manipulyasiya etmək məntiq cəhətdən mümkün deyil. Valyuta birjasında sistem belə qurulub ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satır, digər banklar isə alır. Bu məntiqlə çıxış etsək, deməli, ya Neft fondu, ya da ki, banklar manipulyasiya ilə məşğul olmalıdır. Bu isə tamamilə absurddur. Azərbaycanda manata təsir edən elementləri tədqiq etdikdə görərik ki, valyuta birjası formal xarakter daşıyır . İndiki şəraitdə, Azərbaycan mexanizmində valyuta sisteminə xarici müdaxilədən söhbət gedə bilməz. Ölkəmizdə sadəcə gəlirlərin azalması ilə əlaqədar valyuta qıtlığı hökm sürür".
Ekspert bildirib ki, Türkiyədə də təxmini eyni vəziyyət yaşanır. Son zamanlar Türkiyədən digər ölkələrə ciddi kapital axını var ki, bunu hər hansı bir oyunla əlaqələndirmək lazım deyil:
"Bu qardaş ölkədə gedən daxili proseslərdən doğan təbii problemlərdir. Terror aktları, hərbi vəziyyət elan edilməsi və digər səbəblər yatırımcıları qorxudub. Ölkədən çıxan yatırımcılar normal şəkildə vəsaitlərini dollara çevirib çıxır və bu da lirənin ucuzlaşmasına səbəb olur. Ərdoğanın qeyd etdiyi manipulyasiyalar dünya birjalarında mövcud ola bilər. Lakin Azərbaycanda klassik anlamda qiymətli kağızlar bazarı və valyuta birjası yoxdur ki, məzənnə ilə oynamaq da mümkün olsun. Azərbaycanda məzənnə mərkəzi bank tərəfindən təyin edilir və bütün proseslər onun nəzarətindədir. Yeganə olaraq, son vaxtlar "qara bazar"la bağlı məsələlər özünü göstərir. Məsələn, Türkiyədə "qara bazar"ın yaranması mümkün deyil, çünki orada iqtisadi institutlar fəaliyyət göstərir, bunun qarşısını ala bilir. Azərbaycanda isə dollar qıtlığı dövründə onların fəaliyyəti üzə çıxdı. Buna baxmayaraq "qara bazar"ın yaranma səbəbi də xarici amillərlə bağlı deyil. Burada əsas məsələ Mərkəzi Bankın öz işini düzgün qura bilməməsidir. Ümumi olaraq, Ərdoğanın bu emosional çıxışı ölkədə və regionda gedən proseslərin başqalarının üzərinə atılmasına hesablanmış çıxışdır, iqtisadi proseslərlə əlaqəsi yoxdur".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan kimlərinsə valyuta bazarında spekulyasiyalar edərək bir sıra ölkələrin, o cümlədən Türkiyənin iqtisadiyyatına təsir etməkdə olduğunu deyib. Onun sözlərinə görə, bu cür spekulyasiyalara qonşu ölkələr, konkret olaraq, Çin, Rusiya, Azərbaycan da məruz qalır.
Aysel Aslan