Azərbaycanlı və erməni jurnalistlərin görüşü nə vəd edir ? – Real yanaşma




"Ermənilərlə hər hansı bir məsələ ətrafında danışıqlar aparıb razılığa gəlmək çox çətindir”.

Bu sözləri "Sherg.az”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, düşmən tərəfi barışığa maraq göstərmir:

"Mən Moskvada erməni jurnalistlərlə görüşdə iştirak etmişəm. Onlara daha çox sərfəli olan qarşıdurmanın şiddətlənməsidir. Onlar dünyaya bəyan edirlər ki, sülh üçün şərait yoxdur. Nə qədər təəssüf doğursa da, vəziyyət belədir. İstənilən baxış bucağından müharibə məsələsinə fikir versək, görərik ki, onsuz da ermənilər üçün ümidverici bir məqam yoxdur. 

Onlar həmişə məğlub olacaqlar. Məhz buna görə də, əslində düşmənin marağında olmalıdır ki, heç olmasa bir təşəbbüs reallaşsın, mövcud durumda bir qədər yumşalma baş versin. Bundan sonra isə tədricən sülh zəmnindəki təşəbbüslərin formatı və mahiyyəti dəyişilsin. Və münaqişə mərhələli şəkildə həll olunsun”.

Qeyd edək ki, Xarici İşlər Naziri Elmar Məmmədyarov KİV nümayəndələrinin səfərlərinin təşkili məsələsinə toxunub. Onun sözlərinə görə, erməni və azərbaycanlı jurnalistlər Dağlıq Qarabağa səfər etməsi olduqca maraqlı fikirdir.

Yeganə Bayramova