“Azərsu”, “Azərenerji”, “Azəriqaz” istehlakçıların hüquqlarını pozurlar” - AÇIQLAMA

Sahib Məmmədov:“Bəzi hallarda qəza, təmir məsələsi ilə əlaqədar deyil, sadəcə qənaət üçün əhalinin işığı, suyu, qazı dayandırılır"




"Kommunal xidmətləri təklif edən iri şirkətlər əhali ilə bağladıqları müqavilələrin şərtlərinə əməl etmirlər”.
Bunu "Sherg.az”a kommunal xidmətlərdə fasilə yarandıqda aidiyyatı qurumların əhaliyə əvvəlcədən xəbərdarlıq etməməsindən danışarkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. 

O diqqətə çatdırıb ki, "Azərsu”, "Azərenerji”, "Azəriqaz” kimi müəssisələr fasiləsiz təminat barədə əhalinin qarşısında məsuliyyət daşıyır:

"Bəzi hallarda qəza, təmir məsələsi ilə əlaqədar deyil, sadəcə qənaət üçün əhalinin işığı, suyu, qazı dayandırılır. Mətbuatda bununla bağlı əhaliyə xəbərdarlıq edilir. Bu elanlar da fasilənin böyük inzibati ərazilərə, iri sahələrə aid edilməsi zamanı səsləndirilir. 

Kiçik sahələrdə, məhəllə və küçələrdə isə qaz, su, işıq dayandıqda heç bir xəbərdarlıq edilmir. Əslində binalara elan yapışdırılması, evlərə bildiriş göndərilməsi fiziki baxımdan mümkün deyil.

Həmin şirkətlərin istehlakçı qarşısında məsuliyyəti yoxdur. Müqavilədə də şirkətin cərimə olunması kimi hallar nəzərdə tutulmayıb. Faktlar isə göstərir ki, bu şirkətlər daha ciddi şəkildə istehlakçı hüquqlarını pozurlar”.

Qeyd edək ki, vaxtaşırı paytaxta qaz, su borularında təmir işlərinin aparılması, qəza hallarının yaşanması kommunal xidmətlərin müvəqqəti dayandırılmasına səbəb olur. Belə hallarda müvafiq şirkətlər tərəfindən əhaliyə xəbərdarlıq edilməməsi isə sosial şəbəkələrdə, mətbuatda etirazlar yaradır.

Aysel Aslan