Bağçalar Təhsil Nazirliyinə qaytarılmalıdır

Məhərrəm Zülfüqarlı: “Tədrisin keyfiyyətini yüksəltmək üçün birinci növbədə burada işləyənlərin maaşı yüksək olmalıdır”
Nabatəli Qulamoğlu: “Misir Mərdanova görə, bütün strukturu məhv etdilər”


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir. Ombudsmanın 2017-ci il üzrə illik məruzəsində bildirilib ki, uşaq bağçalarında mövcud olan yerlərin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.

Təhsil eksperti Məhərrəm Zülfüqarlı da hesab edir ki, məktəbəqədər təhsil müəssisələri birbaşa Təhsil Nazirliyinə tabe olmalı və bütün səlahiyyətlər Təhsil Nazirliyinə verilməlidir. Onun dediyinə görə, bunun nəticəsində Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə həm metodiki, həm də elmi kömək edə bilər. 

Həm də məktəbəqədər təhsilə oranı mütəxəssislə təmin etməklə də kömək edə bilər.
Uşaqların yaxşı təhsil almasını dövlətçilik üçün mühüm işlərdən biri kimi qiymətləndirən təhsil ekspertinin fikrincə, ilk növbədə uşaq bağçalarına və məktəbəqədər təhsil müəssisələrinə qayğı ilə yanaşılmalıdır. Onda müsbət nəticələr ola bilər.

M.Zülfüqarlıya görə, dövlət məktəbəqədər təhsil müəssisələrində tədrisin keyfiyyətini yüksəltmək üçün birinci növbədə burada işləyənlərin maaşı yüksək olmalıdır ki, müəllimlər uşaqları daha həvəslə öyrətsinlər, onlara daha çox qayğı ilə yanaşsınlar: 

"Dövlət məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilməlidir. Özəl məktəbəqədər təhsil müəssisələrindəsə aylıq ödəniş elə məbləğdə olmalıdır ki, Azərbaycan ailəsinin buna imkanı çatsın. Bu sahədə islahatlar aparılsa, onda məktəbəqədər təhsil müəssisələrindən keyfiyyətli təhsil gözləmək olar. Məktəbəqədər təhsil müəssisələrində tədrisin səviyyəsi yüksək olarsa, uşaqlar bu müəssisələri bitirib orta məktəblərə daxil olarkən təhsillərində yaxşı nəticə göstərə bilərlər”.

Təhsil eksperti Nabatəli Qulamoğlunun fikrincə, illər əvvəl uşaq bağçalarının pedaqoji təcrübəsi olmayan icra hakimiyyətlərinə verilməsi gözlənildiyi kimi ciddi problemlər yaratdı. Təhsil Nazirliyinin (TN) səlahiyyətindən alınan uşaq bağçalarında korrupsiya halı artdı.

O, "Sherg.az”a açıqlamasında qeyd edib ki, bu təyinat dəyişdirildikdə səslərinə səs verən olmayıb: "İndi niyə etiraz edirlər? Bütün qurumlar ayılıb ki, uşaq bağçaları TN-in tərkibində olanda daha əlverişli idi. Əvvəllər uşaq bağçalarında korrupsiya 50-60 faiz civarında idisə, icra hakimiyyətlərinin səlahiyyətinə veriləndən sonra bu rəqəm 80-90 faizə çatdı. Əminliklə deyirəm ki, illər əvvəl uşaq bağçalarının TN-in tərkibindən çıxarılması keçmiş təhsil naziri Misir Mərdanova qarşı aparılan şantaj idi. Bu isə baş tutmadı. Bir şəxsə görə, bütün struktur məhv edildi. Uşaq bağçaları müzakirə olunmadan, Təhsil Nazirliyinin tərkibinə verilməlidir”.

Təhsil Nazirliyinin demokratik əsaslarla fəaliyyət göstərdiyini vurğulayan ekspertin sözlərinə görə, təhsilin digər pillələrində elektron mexanizmlər tətbiq olunur: "Bu sistem xeyli korrupsiya halını aradan qaldırdı. Uşaq bağçaları da nazirliyin tərkibinə verilərsə, korrupsiya aradan qaldırılacaq. Beləliklə qanunsuzluq faktoru ciddi şəkildə azalacaq”.

Şəymən