Bakı Beynəlxalq Avtoğzalındakı durumdan etiraz:"Maşınların qarşısını zəncirlə kəsib, pul alırlar" - Əsassızdır

Əliməmməd Nuriyev: "Maşını saxlayıb, ödənişi edən şəxslərin problemi yarandıqda heç kim məsuliyyət daşımır. Bəs onda şəxs hansı xidmətə görə, pul ödəyir? Həmin pul ayrı-ayrı şəxslərin ciblərinə gedir"
"İnsanların sıx olduğu obyektlərdə maşınların daxil olması üçün necə gəldi ödənişlər tələb olunur. Əslində isə, vaxt qoyulmalı, sakinlər ona görə pul ödəməlidir”.
Bunu "Sherg.az”a "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. 
Onun sözlərinə görə, dövlətə məxsus müəssisələrin ərazisində belə ödənişlərin edilməsi heç nə ilə izah olunmur:
"Əgər bu ödənişlər varsa, tariflər müəyyənləşdirilməli, səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq olunmalıdır. Xidmət haqqından söhbət gedirsə, Tarif Şurasının qərarı olmalıdır. Digər tərəfdən isə Bakı Beynəlxalq Avtovağzalı kimi müəssisələrdə insanlar kimisə qarşılamağa keçirsə, maşını 15 dəqiqə içəridə saxladıqda ödəniş edə bilər. Qısamüddətli keçiddə isə əlavə ödəniş edilməməlidir. Avtovağzalda xidmət bərbad vəziyyətdədir. Maşını saxlayıb, ödənişi edən şəxslərin problemi yarandıqda heç kim məsuliyyət daşımır. Bəs onda şəxs hansı xidmətə görə, pul ödəyir? Həmin pul ayrı-ayrı şəxslərin ciblərinə gedir.
Həmin obyektlərdə taksi kimi fəaliyyət göstərən şəxslərdən isə pul alına bilər. Amma fiziki şəxslərdən bu pulun alınması heç bir normativ aktlara uyğun deyil. Vətəndaşların üzərinə əlavə yük şəklində bu ödənişi qoymaq olmaz”.
Ə.Nuriyev vurğulayıb ki, konstitusiyaya görə, xidmət haqları və rüsumlar qanunla müəyyənləşdirilir:
"Bunların heç biri yoxdursa, niyə vətəndaşlar ödəniş edir? İnsanlar sadəcə konfliktə girmək istəmir, dərinə getmirlər. Amma bu məsələ məhkəməyə verilərsə, tənzimləmə mümkündür.
Sədərək və Binədə şlaqbaun var. Avtovağzalda heç o da yoxdur. Maşınların qarşısını zəncirlə kəsərək, pul alırlar. Heç bir xidmətdən, pulun nəyin müqabilində ödənilməsinin isə heç bir əsası yoxdur. Biabırçılıqdır”.
Aysel Aslan