Bəzi vətəndaşlar həkimlərin insafsızlığından gileylənir
"Gözlənilməz, qəfil hadisələr zamanı poliklinikalar müraciət edənləri dərhal qəbul etməlidir"
Sosial şəbəkə istifadəçisi Elnur Eltürk başına gələnlərdən yazıb və Bakı Sağlamlıq Mərkəzini ittiham edib:
«Bakı Sağlamlıq Mərkəzinin həkimləri elə bil daş ürəklidirlər. Bir az əvvəl Murad evdə oynadığı yerdə yıxılıb başı divana dəydi. Özümüzü tez Bakı Sağlamlıq Mərkəzinə çatdırdıq. Bir həkim, tibb bacısı yaxın durmadı ki, bizlik deyil, aparın "Semaşkaya". Düzdür, qan dayanmışdı. Hər halda ilkin yardım göstərməli idilər. Amma gözlərini döyürdülər. Belələri vicdanlı və ləyaqətli həkimlərimizin adını batırırlar».
Yazılanlara reaksiyalar da sərtdir. Bakı Sağlamlıq Mərkəzindən şikayətçilər çoxdur. Bəzi vətəndaşlar həkimlərin insafsızlığından gileylənir. Bəziləri də, poliklinikalarında yalnız ərazi üzrə qeydiyyatda olanların qəbul edildiyini deyir.
Zeynəb Kazımova yazıb:
O mərkəzi məndən soruşun. Orda mənim anamı aldılar əlimdən... Komadan ayılmış sağlam insanı ordakı "pul dilənənlər" yenidən komaya saldılar (3 il olur mart ayında). Halbuki hər gün "pullarını" da çatdırırdıq, təki anam sağalsın... Ömrüm boyu nifrət edəcəyim yerdir o xarabaxana... Həkim deyil ordakılar, "başqa şey"dirlər! Keçmiş olsun balacaya da. Allah köməyiniz olsun».
Məhərrəm Ağalaroğlu
«Olur belə şeylər. Bir dəfə uşaq balaca olanda dedilər poliklinikalardan birində güclü pediatr var. Apardım, götürmədilər ki, yaşadığı yerdə qeydiyyat olsun. Dedim, müayinə edin, baş həkimin icazəsini istədilər. O da dedi yox... Sonra əlaqələr ortaya girdi, baş həkim 3-cü mərtəbədən qaça-qaça gəldi ki, bəs mənə niyə demirsən... Nə vaxt istəsən, gətir uşağı yoxlansın...
Sanki qeydiyyatda olmadığı poliklinikada uşağı müayinə edəndə qəbahət olacaqmış...»
Məsələ ilə bağlı «Şərq»ə danışan tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı bildirdi ki, həkimlər bəzən yerli-yersiz tənqid, hətta təhqir olunurlar:
- Həkimlik peşəsi özündə humanizm ideyalarını ehtiva edir. Həkimlik şəfqət, mərhəmət rəmzidir, insan həyatının xilası naminə bir sənətdir. Konkret dediyiniz halla bağlı, biz təfərrüatları dəqiq bilmədiyimiz üçün münasibət bildirmək də çətindir. Amma reallıq budur ki, xəstələr xəstəxanalara profil üzrə yerləşdirilir. Travma varsa, travmotologiya xəstəxanasına aparılmalıdır. Amma istisnalar da mütləq nəzərə alınır.
Əgər klinikaya müraciət edildiyi zaman pasiyentin həyatı təhlükə altındadırsa, ağırlaşdırıcı hallar müşahidə edilirsə, mütləq tibbi yardım göstərilməli, vəziyyətə uyğun ixtisas həkiminə yönləndirilməlidir. Ağır hallarda, kəskin hal varsa, mütləq həkim yaşından, profilindən asılı olmayaraq o insana kömək etməlidir. Bunu bizim peşəmiz, seçdiyimiz sənət, səhiyyə qanunları deyir. Həkimlər də, tibb bacıları da müraciət edən insanlarla mehriban davranmalıdırlar. Məsləhət verməli, düzgün yönləndirməlidirlər. Klinikada nevroloji şöbə varsa, yaxşı olardı ki, uşağı nervopotoloq müayinə edərdi, növbətçi həkim baxıb, məsləhət verərdi.
Qeydiyyatı olmayan poliklinikalarda müayinə olunmağa gəlincə, Ş.Namazlı hər bir vətəndaşın yaşadığı ərazi üzrə poliklinikalarda qeydiyyata düşməli olduğunu dedi:
- Hətta insan müvəqqəti olaraq haradasa yaşayırsa da, mütləq o ərazidəki poliklinikada qeydiyyata düşməlidir. Uşaqlar üçünsə, ümumiyyətlə, qeydiyyat məsələsində məhdudiyyət qoyulmur. Gözlənilməz, qəfil hadisələr zamanı poliklinikalar da müraciət edənləri dərhal qəbul etməlidir. Amma məsələ planlı müraciətdən gedirsə, yəni, kimsə poliklinikada çalışan hansısa həkimi məsləhət görüb, onun yanına gedim, bu halda həkimin pasiyenti qəbul etməməyə hüququ çatır.
Məlahət Rzayeva