Bakı-Tbilisi-Qarsa iki müştəri çıxıb

“Özbəkistan və İranın bu layihəyə maraq göstərməsi təsadüfi deyil”



Özbəkistan 2018-ci ilin ilk rübündə Bakı-Tbilisi-Qars dəmir yollu xətti ilə tranzit yükdaşımalarına başlaya bilər. Bu barədə Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin imzaladığı fərmanda deyilib.

Fərmanla təsdiqlənmiş proqrama əsasən, Özbəkistan tərəfi Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa İttifaqı vahid nəqliyyat dəhlizinin formalaşdırılmasında da iştirak edəcək. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabr ayının 30-da baş tutub və artıq ilk yük qatarı Qarsa çatıb. Layihə işə düşəndən sonra ilk olaraq İran hökuməti BTQ-yə qoşulmaq barədə arzusunu dilə gətirib. Rəsmi Tehran dəmir yolunun Təbrizə qədər uzadılmasını təklif edib. Ekspertlərin sözlərinə görə, qonşu və region dövlətlərinin layihəyə maraq göstərməsi dəmir yolu xəttinin perspektivindən xəbər verir.


Bu barədə "Şərq”ə fikirlərini bölüşən iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu son 30-40 il ərzində nəqliyyat infrastrukturu sahəsində regionda reallaşmış ən irimiqyaslı bir layihədir. 

Ekspertin fikrincə, bundan sonra nəqliyyat sahəsi üzrə bu infrastrukturu əvəz edə biləcək, ona alternativ olacaq hansısa regional layihənin ortaya çıxması qeyri-mümkündür: 

"Özbəkistan və İranın bu layihəyə maraq göstərməsi təsadüfi deyil. Həmin ölkələr fərqindədir ki, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Avropaya çıxışın ən sadə və gəlirli formasıdır. Məlumdur ki, İran Qərbin ciddi sanksiyalarına məruz qalır. Eyni zamanda İranın, o cümlədən Özbəkistan kimi Orta Asiya ölkələrinin geo-strateji mövqeyi onları layihəyə meyl etməyə sövq edir. Məlumata görə, Qazaxıstan və Çin də BTQ-yə böyük maraq göstərirlər. 

Onlar da Avropa bazarına çıxış imkanı əldə etmək istəyirlər. Fikrimcə, bu maraq mərhələli formada artacaq”. İqtisadçı bildirib ki, layihə yeni olduğu üçün ilk dövrlərdə özü-özünü maliyyələşdirməkdə çətinlik çəkə bilər: "Lakin perspektivə doğru bu layihə nəinki özünü doğruldacaq, hətta bir çox ölkələri də özünə cəlb edəcək. Həmçinin, xarici ölkələrin nəzdində fəaliyyət göstərən böyük transmilli şirkətlər də BTQ-yə qoşulacaqlar”.

İsmayıl