Hemofiliyalı Xəstələr Assosiasiyasının sədr müavini Ayaz Hüseynov da "Şərq”ə açıqlamasında qeydiyyatda olan hemofiliyalı xəstələrin sayında xeyli artım müşahidə olunduğunu deyib.
Bakı və Sumqayıtda hemofiliya xəstələrinin sayı artıb
Bu elə bir ciddi və ağır xəstəlikdir ki, burnundan qan açılan, diş çəkdirən zaman belə insanlar dünyasını dəyişə bilir
Hemofiliyalı Xəstələr Assosiasiyasının sədr müavini Ayaz Hüseynov da "Şərq”ə açıqlamasında qeydiyyatda olan hemofiliyalı xəstələrin sayında xeyli artım müşahidə olunduğunu deyib.
17 Aprel - Dünya Hemofiliya günüdür. 20 ildən artıqdır ki, dünyanın 100-dən çox ölkəsində bu gün qeyd olunur. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etmək və onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək olmaqdır. Hazırda dünyada 400 minə yaxın hemofiliyalı xəstə olduğu qeyd olunur.
İlk dəfə hemofiliya xəstəliyi İngiltərə kral ailəsində müşahidə olunmuş və onun nəsildən-nəslə keçməsi yaxşı öyrənilib. Hemofiliya xəstəliyi övladların dörddə birində, o da oğlan övladında baş verə bilər. Zənn edirlər ki, hemofiliya ilk dəfə mutasiya yolu ilə Kraliça Viktoriyanın X xromosomunda aşkar edilmişdir. Kraliça bu cəhətdən heteroziqot imiş, yəni hemofiliyanın daşıyıcısı olub. Viktoriyadan qabaq kral ailəsində bu xəstəlik müşahidə edilməyib.
Fransada kral Lüdovikin dövründə Lüdoviklər nəslində əsasən oğlan uşaqları bu xəstəlikdən əziyyət çəkiblər. Bu səbəbdən o zamanlar bu xəstəliyə "kral xəstəliyi” də deyiblər.
Rus çarı II Nikolay kraliça Viktoriyanın hemofiliyanı daşıyan nəvəsi Aleksandra ilə evlənmiş və bu izdivacdan əmələ gələn şahzadə Aleksey hemofiliya xəstəsi olub. Şahzadə elə bu xəstəlikdən də vəfat edib.
Hemofiliyanın müalicəsi ömür boyu sürər
Qeyd edək ki, hemofiliya diaqnozu həyatın hər dövründə təyin edilə bilər. Yeni doğulan uşaqda da bu xəstəlik təsbit edilir. Lakin hemofiliya xəstələrində qanamanın nə vaxt görüləcəyi bilinmədiyindən, diaqnoz üçün həkimə müraciət etmə zamanı da gecikər. Həkimə getdiyinizdə, sizə ailədə belə bir hadisənin daha əvvəl olub-olmadığı soruşulacaq. Xəstəliyin keçişində, anadan gələn genlər əhəmiyyətli olduğundan, ananın qardaşlarında, ya da qardaşlarının uşaqlarında hemofiliya xəstəsi olub-olmadığı araşdırılır. Ayrıca edilən qan təhlilləriylə, qan laxtalanmasına baxılır. Qəti diaqnoz bu testlərdən sonra qoyulur. Hemofiliyanın müalicəsi uzun sürər və bundan sonra xəstəni və ailəsini ciddi və uzun bir müddət gözləməkdədir. Çünki bu xəstəlik genetik bir xəstəlikdir və hələ müalicələr bu mərhələyə gəlməmişdir. Xəstəlikdə əskik olan faktorlar (zülallar) enjeksiyonla yerinə qoyular. Bu şəkildə, xəstədə qanama olduğunda laxtalanmanın meydana gəlməsi təmin edilər. Lakin bu qalıcı bir müalicə şəkli deyil. Davamlı və nizamlı bir şəkildə tətbiq olunması lazımdır. Bir müddət sonra xəstədə bu qalıcı faktorlar yenə azalacaq və köhnə səviyyəsinə enəcək. Xəstəliyin diaqnozu erkən qoyulduğunda, bu üsulla adam, gündəlik həyatını digər insanlardan fərqsiz bir şəkildə davam etdirə bilir.
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova Bakı, Sumqayıt şəhərləri, Mərkəzi Aran rayonlarında hemofiliyalı xəstələrin sayının artdığını deyib.
Onun sözlərinə görə, Azərbaycanda hemofiliyalı xəstələrin yayılma tezliyi öyrənilib: "Müəyyən edilib ki, iri şəhərlər olan Bakı, Sumqayıt şəhərlərində, Mərkəzi Aran rayonlarında xəstələrin sayı artıb. Bakıda 758, Sumqayıtda 77 nəfər hemofiliyalı xəstə var. Bu artımı maarifləndirmənin nəticəsi ilə izah etmək olar. İnsanlar artıq bu xəstəlik barədə daha çox məlumatlıdırlar”.
E.Qədimova əlavə edib ki, hazırda mərkəzdə 1595 xəstə dispanser qeydiyyatındadır. Ölkədə qeydiyyatda olan xəstələrin 21 faizi 1-15 yaşındadır. Ümumi qeydiyyatda olan xəstələrin 98 nəfəri 1-5, 235 nəfəri 5-15 yaşlıdır. Xəstələrin 1051-də hemofiliya A, 139-da hemofiliya B, 210-da Villebrand xəstəliyi var.
Hemofiliyalı Xəstələr Assosiasiyasının sədr müavini Ayaz Hüseynov da "Şərq”ə açıqlamasında qeydiyyatda olan hemofiliyalı xəstələrin sayında xeyli artım müşahidə olunduğunu deyib.Assosiasiyanın sədr müavini deyib ki, bu artıma səbəb laboratoriyalarda qanın laxtalanmaması ilə bağlı dəqiq diaqnozların qoyulmasıdır. Onun sözlərinə görə, əvvəllər laboratoriyalarda hemofiliyanın yoxlanılması üçün qan analizi düzgün aparılmırdı. Həmçinin də pasiyentlər bu xəstəliklə bağlı məlumatsız olduqlarından harada və necə müayinə olunacaqlarını bilmirdilər.
A.Hüseynov hesab edir ki, qohum nikahlardan dünyaya gələn uşaqların hemofiliyaya tutulma riski çox böyükdür: "Biz maarifləndirmə tədbirləri vasitəsilə qohum nikahların fəsadlarını insanlara başa salmalıyıq.
Hazırda Azərbaycanda 3 xəstəxanada qanın laxtalanmamasının səbəbini aydınlaşdıran laboratoriya fəaliyyət göstərir. Onlardan biri Bakıdakı Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hemotologiya şöbəsində, biri Şirvan rayon Mərkəzi Xəstəxanasında, 3-cü isə Gəncədəki Abbas Səhhət adına 1 saylı şəhər Xəstəxanasındadır. Həmin xəstəxanalarda qanın laxtalanmaması ilə bağlı tam düzgün diaqnoz qoymaq mümkündür”.
Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə, zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxmalar baş verir
Hemofiliyalı xəstələrin sayının niyə məhz Bakı, Sumqayıt şəhərlərində daha çox olması ilə bağlı sualımızı cavablandıran Assosiasiya sədrinin müavini deyib ki, 2013-cü ilə qədər hemofiliyalı xəstələr yalnız Respublika Klinik Xəstəxanasının hemofiliya şöbəsində müalicə alırdılar. Xəstəxanaya yaxın olsunlar deyə, rayonda yaşayan insanlar da paytaxta köçürlər. Regionda qəfil travma almış xəstə müalicə olunmaq üçün Bakıya gəlmək məcburiyyətindədir. Səbəb isə, regionlarda həkim hematoloqların və xüsusi dərman preparatlarının olmamasıdır. Hemofiliyalı xəstələrə isə hər dəfə Bakıya gəlmək əlbəttə ki, əziyyətdir: "Elə günün bu günü də dövlət tərəfindən xəstələrə pulsuz paylanılan qan laxtalandırıcı faktor preparatlarını yalnız Respublika Klinik Xəstəxanasında əldə etmək mümkündür. Bizim Assosiasiyanın da məqsədi məhz ondan ibarətdir ki, hemofiliyalı xəstələr dərman preparatlarını asanlıqla əldə edə bilsinlər. Biz çalışırıq ki, həmin dərmanlar Gəncə və Şirvandakı xəstəxanalarda da olsun. Regionlarda yaşayan xəstələr hər dəfə dərmandan ötrü Bakıya gəlmək məcburiyyətində qalmasınlar”.
Xəstəliyin konkret əlamətlərinə toxunan A.Hüseynov qeyd edib ki, hemofiliya - qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə, zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxmalar baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara və əzələlərə tez-tez qan axması nəticəsində əlil halına düşürlər.
Bu insanların barmağında cüzi bir kəsik olan kimi çox miqdarda qan itirir, bəzi hallarda onların qanaxmasını saxlamaq mümkün olmur. Hemofiliya elə bir ciddi və ağır xəstəlikdir ki, burnundan qan açılan, diş çəkdirən zaman belə insanlar dünyasını dəyişə bilir. Sevindirici haldır ki, bu xəstəliyin daşıyıcısı olan insanlar dövlətin nəzarətindədir.
Vaxtlı-vaxtında və düzgün müalicə aparılarsa, insan hemofiliya xəstəsi kimi uzun bir ömür yaşaya bilər
Hemofiliyalı xəstələrə dövlət qayğısının və diqqətinin qənaətbəxş olduğunu vurğulayan müsahibimiz hesab edir ki, hemofiliya daşıyıcıları adıçəkilən dərman preparatları ilə pulsuz təmin olunmasa, keçirilən maarifləndirmə tədbirləri heç biri effekt verməz: "Son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülüb və görülməkdədir. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub. Pasiyentlər qan laxtalandırıcı faktor preparatları ilə təmin olunur. Bu dərmanlardan istifadə zamanı müəyyən bir vaxt ərzində qanda laxtalanma gedir, qan sızmaları dayanır. Bu dərman preparatları çox bahalı olduğu üçün dövlət həmin şəxslərin müalicəsini öz üzərinə götürüb, qayğısını onların üzərindən əskik etmir. Hemofiliyalı xəstələr ömürlərinin sonuna qədər bu dərmanlardan istifadə etməlidir. Biz keçirdiyimiz təlimlərdə hemofiliya daşıyıcılarını müntəzəm olaraq maarifləndirir, onlara həmin dərmandan düzgün istifadə etməklə uzun və sağlam bir ömür yaşamağın mümkün olduğunu izah edirik. Vaxtlı-vaxtında və düzgün müalicə aparılarsa, insan hemofiliya xəstəsi kimi uzun bir ömür yaşaya bilər.
Yəni bu xəstəlik daşıyıcılarının heç də hamısı ömrünü yataraq, yaxud da özünü cəmiyyətdən tədric edərək başa vurmur. Onlar arasında dövlət işində işləyənlər, şəxsi biznes sahibi olanlar var. Şəxsən mən özüm də ağır formalı hemofiliyadan əziyyət çəkirəm. Pasiyent Təşkilatları İttifaqının da rəhbəriyəm”.
Şəymən