Bakıda motosikletlərə maraq artıb

Bu yaxşı xəbərdi, amma onu idarə etmək avtomobili sürməkdən çətindir
Motosiklet əlbəttə ki, bütün digər nəqliyyat vasitələrindən sərfəlidir. Az yanacaq işlədir, praktikdir, yüngül nəqliyyat vasitəsidir







Adrenalin həvəskarları üçün motosiklet də çılğınlıqlarını dəf etmək üçün başlıca vasitələrdən biridir. Motosikletə minib, "dərələrədən sel kimi, təpələrdən yel kimi” keçən həvəskarları çox görmüşük. Bəzən heç dəbilqə də taxmırlar. Külək onların saçını "oynadır”, onlar da motosikleti. Həvəskarları bir kənara qoyaq. Məsələyə ciddi yanaşanda motosikletin ən yaxşı minik vasitəsi olduğu aydınlaşır. Əlbəttə ki, yerinə, şəraitə görə. Niyə motosiklet mövzsuna yer verdik, çünki son illər Azərbaycan və onun paytaxtı Bakı da daxil, dünyanın aparıcı ölkələrinin hamısında avtomobillərdən insanlar bezib artıq.

Avtomobillər çoxaldıqca insanlarda əsəb xəstəlikləri artır.
Nədən? Ona görə ki, avtomobil başdan-ayağa əsəbdir, stressdir. Tıxacda 5 dəqiqə dayanmaq yetərlidir ki, adamın günü əsəbi keçsin. Bura daha nələri əlavə edək? Avtomobilin təmirinə xərclənən pullar, benzin pulu, Allah göstərməsin, qəza baş verəndə, ən yaxşı halda avtomobilin zədələnməsi, ən pisi də ki, insan ölümü. Tıxaclardansa heç danışmasaq yaxşıdı. Bizimkilər də son illər bu gerçəyi artıq qəbul etməyə başlayıb ki, ən uyğun minik vasitəsi velosiped və motosikletdir. Amma di gəl, bəzən yersiz özünü göstərən milli qürur bahalı avtomobili velosiped nədi, heç motosikletə də dəyişməyə imkan vermir. Bir də ki, yaş-baş amilə də var axı. Hansı məmur, idarə rəisi işə motosikletlə gedib-gələr, sizcə?! Düşünmək belə gülməlidir.

 Bizdə velosiped və motosikletin yaraşdığı bəlli kateqoriyalar var. Uşaqlar, bir az da yeniyetmələr velosiped sürür. Gənclər arasında isə son vaxtlar motosiklet dəb halını almağa başlayıb. Motosiklet polislərə yaraşır, bir də "uçastkovı”lara. Kənd yerlərində bəzən poçtalyonlar velosiped sürərdi, sahə müvəkkilləri, poçt rəisləri də motosiklet. Bəzən kənd camaatından kiminsə qapısında köhnə motosiklet olardı. Qar, yağış üstünə döşəyərdi. Uşaqlar oyuncağa çevirərdilər. Amma zəmanə dəyişib artıq. Hazırda Yaponiya kimi dünyanın ən inkişaf ölkələrində də, Avropada da (Hollandiya və başqa ölkələrdə) məhz velosiped ən üstün minik vasitəsidir və insanlar onunla asanlıqla, rahatlıqla işə gedib-gəlir. Motosiklet isə daha çox əyləncə vasitəsi hesab edilir. Əyləncələrinsə sonu bəzən faciələrlə nəticələnir.


"Tək təkər” Arif...

Motosiklet qəzaları çox olur. Bir xəbər qarşımıza çıxdı. Bu xəbər "ürəyi zəiflər baxmasın” xəbərdarlığı ilə verilib. Dəhşətli mənzərə sosial şəbəkədə yerləşdirilib və bunlar yazılıb:
"SkokerTV” - xəbər verir ki, motosiklet yarışmasında 4-cü sırada yer alan Antonelli yağışlı havada motosikleti sürətlə sürərkən bir an idarəetməni itirib dəhşətli qəza edir.
Bundan əlavə, arxadan sürətlə gələn digər idmançı, italiyalı motosikletçi Lorentso Zanetti gənc pilotun üstündən keçir”.

Bu günlərdə başqa bir faciəli olay da yaşandı. Motosiklet şoumeni kimi tanınan, "Tək təkər” Arif adını qazanmış Arif Razqatlıoğlu 59 yaşında Türkiyənin Antalya şəhərində faciəvi şəkildə vəfat etdi. Həmin vaxt onunla birlikdə motosikletdə olan qız dostu Ülkü Özcan da qəzada canını tapşırdı. Bu hadisədən bir qədər əvvəl "Tək təkər” Arif Alanyada qəza törətmişdi. Bununla bağlı Arifin feysbuk səhifəsindəki paylaşımı diqqətimizi çəkdi. Motosikletçilər oxusun, ehtiyatı əldən verməməyin necə önəmli olduğunu "ustad”ın dilindən bilsinlər deyə, həmin paylaşımı olduğu kimi veririk:

"Bugüne kadar çok sayıda organizasyonda gösteri yapan ve yaptığı hareketlerle yürekleri ağza getiren Razgatlıoğlu, 4 ay önce Alanya’da motosikletiyle Finli bir turiste çarpmıştı. Finli kadın turistin ağır yaralandığı kazanın ardından Razgatlıoğlu sosyal medyadan şu paylaşımı yapmıştı: "Demek ki şu bir gerçekmiş; hiç bir zaman en iyi motorcuyum, en iyi sürücüyüm, ustayım dememek gerekiyormuş. Karşıdan karşıya geçen finli bir kadına çarptım. Kadın full sarhoş. Uzaktan sellektörüme, korna basmama rağmen üstüme üstüme koşarak geldi. Ne kadar kaçmaya, durmaya çalıstıysam da kadınla kafa kafaya çarpıştık. Şükür bir sorun yok ama şunu tam öğrendim: İstediğin kadar kral sürücü, motorcu ol; karşıdan gelen hatalarla herşey olabiliyor. Buna da şükürler edip daha dikkatli, daha hesap edici varsayımları, hislerimizi bile kullanarak motor kullanmamız gerektiğine inanıyorum. 27 senede ilk defa bir yayaya çarpmış oldum”.

"Motosiklet idarə etmək çox çətindir”

ATV kanalında yayımlanan "İdeya var” verilişində iştirakçılardan biri motosiklet sürücülüyü kursu işlətdiklərini, lakin qeydiyyata alınmadıqlarından danışıb və hüquqi kömək istəyib. İştirakçı son zamanlar motosikletlərə artan marağın və tələbatın müqabilində sürücülük kursu açdıqlarını, lakin təqdim etdikləri şəhadətnamənin yol polisi tərəfindən qəbulunda çətinlik yarandığını deyib. İştirakçının motosiklet sürücülüyü kursları uğurlu ideya kimi bəyənilib. Qalıb işin hüquqi tərəfi. İdeya müəllifi motosikletin üstünlüklərindən də danışıb və deyib ki, Bakının amfiteatr relyefi, enişli-yoxuşlu və bir sıra yerlərdə dar, ensiz yollarının çoxluğu motosiklet sürmək üçün əlverişlidir. Məsələn, Yasamala velosipedlə getmək ayaqları yora bilər, amma motosikletin əyləcinə basmaqla yoxuşları asanlıqla qalxmaq mümkündür. İqtisadi baxımdan da motosiklet sərfəlidir, qənaətcildir.

Biz də məhz bu marağı və artan tələbatı nəzərə alaraq mövzuya toxunduq və "Digesta” hüquq firmasının direktoru, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynova müraciət etdik.
Hüquqşünas bildirdi ki, motosiklet sürücülüyü kursları həqiqətən də çox yaxşı ideyadır:

- İdeyanın hüquqi cəhətdən təsdiqlənməsi üçün bu adamlar nə etməlidir? Hüquqi şəxs kimi rəsmi qeydiyyata alınır, Dövlət Yol Polisinin müvafiq şöbəsinə müraciət edir və qeydiyyata düşürlər. Bundan sonra da qanunauyğun şəkildə təlimlər keçməyə başlayırlar, kursu bitirənlərə də şəhadətnamə verirlər. Sürücülük vəsiqəsi olan vətəndaş motosiklet idarə edə bilməz. Bunun üçün ayrıca imtahan vermək lazımdır. Avtomobil sürücüsü üçün də, motosiklet sürən üçün də yol hərəkəti qaydaları eynidir. Lakin motosikletin təcrübi tərəfində, idarəolunmasında fərqlər var. Bunları bilmək üçün də mütləq kurs keçilməli, motosikletin idarə olunması öyrənilməlidir. 

Motosiklet idarə etmək heç kimə asan gəlməsin. Motosiklet idarə etmək avtomobil sürməkdən çox çətindir. Avtomobillərin əksəriyyəti hazırda avtomatikdir. İdarəetmədə çətinlik çəkmirsən. Motosikletin idarə olunması ona görə ağır və çətindir ki, burada sürücü öz bədəni hesabına müvazinəti saxlamalı olur. Bunun üçün fiziki sağlamlıq, güc, ən əsası da yüksək diqqətcillik tələb olunur. Amma motosiklet əlbəttə ki, bütün digər nəqliyyat vasitələrindən sərfəlidir. Az yanacaq işlədir, praktikdir, yüngül nəqliyyat vasitəsidir. 

Təhlükəsizlik və yol hərəkəti qaydalarına riayət edilməklə, motosikleti sürətlə idarə edib, istədiyin ünvana gecikmədən çatmaq imkanı var. Ekoloji baxımdan da havanı çirkləndirmir. Az xərc tələb edəndir... Amma motosiklet sürücüsündən hədsiz diqqətli olmaq tələb edilir. Motosiklet idarə edənlər ilk növbədə öz təhlükəsizliklərini və piyadaların, yoldakı digər nəqliyyat vasitələrinin də təhlükəsizliyini düşünməlidir. "Mən motosikletdəyəm, mənə icazə var” prinsipi ilə hərəkət etmək qətiyyən doğru deyil. Bəzən insanlar motosikleti sırf əyləncə məqsədi ilə əldə edir, "motosiklet avtoşluğu”na başlayırlar. Belələri bilməlidir ki, yol zarafatı sevmir.

Məlahət Rzayeva