Bakıda sərnişin avtobuslarında “Wi-Fi” sistemi lazım deyil

Bu, başqa marşrutların reytinq qazanması üçün atılan bir addımdır
“Avtobuslarda təhlükəsizlik kəmərləri yoxdur. Ona görə insanlar orda duran zaman hərəkətdən asılı olaraq müəyyən tutacaqlardan tutaraq özlərini həmin sürətə uyğun olaraq düzgün dayanmağına köməklik göstərirlər”




2018-ci ilin yanvarından "Xaliq Faiqoğlu” nəqliyyat şirkətinə məxsus 61 nömrəli marşrutla hərəkət edən avtobuslarda pulsuz "Wi-Fi” xidməti işə salınacaq.

Qeyd edək ki, hazırda 18 və 65 saylı marşrutlarda "Wi-Fi” təqdim olunur. Maraqlıdır, yeni xidmətin tətbiqinin sərnişinlərə nə kimi xeyri olacaq? Ümumiyyətlə, avtobuslarda pulsuz internetin işə salınmasına ehtiyac varmı?

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov hazırda sərnişin daşımalarında müxtəlif problemlərin olduğunu diqqətə çatdırdı. Ekspertin sözlərinə görə, indiki şəraitdə avtobuslarda "Wi-Fi” xidmətinin tətbiqi o qədər də vacib bir məsələ deyil: 

"Sərnişin daşımalarında kəmiyyət və keyfiyyət göstəriciləri var. Kəmiyyət göstəriciləri əhalinin bir məntəqədən başqa bir məntəqəyə daşınmasıdır. Keyfiyyət göstəricilərində isə əsasən sərnişinlərin rahatlığı, təhlükəsizliyi təmin olunur və bir məntəqədən başqa məntəqəyə gedərkən az vaxt sərf edilir.

Uzaq məsafələrdə sərnişin daşıması zamanı internetdən istifadə olunması halı məqsədəuyğundur. Şəhərdaxili daşımalarda internetdən istifadə oluna da bilər, olunmaya da. Məsələn, xarici ölkələrdə müəyyən marşrut göstəricilərini yüksəltmək, həmin marşrutun reytinqini artırmaqdan ötrü əlavə xidmətlərdən istifadə olunur. Onlardan da biri internet resurslarıdır. Bu rəqabət zamanı müəyyən marşrutlar daha çox sərnişin yığımına təsir göstərə bilər. Amma hazırda Bakı şəhərində nəqliyyatda o qədər problemlər, keyfiyyət göstəricilərinə birbaşa təsir edən elə amillər var ki, onların artırılması daha məqsədəuyğundur. Lakin əlavə xidmətlərin olması təhlükəsizliyə, insanların rahatlığına təsir etmirsə, o zaman ola bilər. 

Əgər təsir edirsə, bu, məqsədəuyğun deyil. Bizim insanlar internetdən necə istifadə edilmə dərəcəsini yaxşı bilmirlər. Eləsi var ki, oyun oynayır, eləsi var fikri başqa yerə yönəlir. Təhlükəsizliyi təmin etmək üçün insanlar həmişə nəqliyyatda hərəkətin sürətindən, dönmələrdən, müəyyən sürət rejimindən asılı olaraq özlərini nizamlayırlar. Bilirsiz ki, avtobuslarda təhlükəsizlik kəmərləri yoxdur. Ona görə insanlar orda duran zaman hərəkətdən asılı olaraq müəyyən tutacaqlardan tutaraq özlərini həmin sürətə uyğun olaraq düzgün dayanmağına köməklik göstərirlər.

Nə üçün sürücülərə telefonda danışmağa icazə vermirlər? Bu yalnız təhlükəsizliklə əlaqədar deyil, həm də insanlar bəzi vaxt telefonda elə məlumatlar alırlar ki, bu, onlara çox pis təsir edə bilər. Bu zaman onlarda stress əmələ gələ bilər. Yaxud da sevincdən elə bir eyforiyaya uyarlar ki, həmin an özlərinin diqqətini yayındıra bilərlər.

Şəxsən mən hazırda Bakı şəhərində avtobuslarda "Wi-Fi” sisteminin olmasını o qədər də vacib saymıram. Bir var ki, xüsusi xidməti avtomobillərdir və onlar ciddi məsələlərlə bağlı araşdırma aparmalı, qiymət verməlidir. Bu başqa məsələ. Amma sərnişin daşımaları üçün olan avtobuslarda hazırda "Wi-Fi” xidmətindən istifadə lazımlı deyil. Bu, başqa marşrutların reytinq qazanması üçün atılan bir addımdır. Hələ ki, bu sistemin tətbiqinə ehtiyac yoxdur”.

Yeganə Bayramova