14 min dollara İŞİD-in sıralarına çağırdılar, o isə...
Azərbaycanlı gənc isə örnək davranış sərgiləyərək dərhal polisə məlumat verib
Ötən gün Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasına qoşulmaq təklif olunub. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağını məsləhət görüb. O.Əhmədov təklifdən imtina edib və dərhal hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102” zəng mərkəzinə məlumat verib.
Gənc daha sonra Suraxanı Rayon Polis İdarəsinə ərizə yazaraq bildirib ki, "cihad” müqabilində ona 14 min dollar pul təklif edilib. Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.
Olayı "Şərq”ə şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, İŞİD-in özünəməxsus təbliğat-təşviqat metodları var. Ekspertin sözlərinə görə, terrorçular cəlbedici vasitələrlə insanları aldadırlar:
"İŞİD-in tərkibində xüsusi mərkəzlər fəaliyyət göstərir. Onlar müxtəlif ölkələrdən gəncləri öz sıralarına qatmağa çalışırlar. İnsanları cəlbetmənin fərqli yolları mövcuddur, terrorçuların ən təsirli vasitəsi isə puldur. Təşkilat üzvləri maddi yollarla aldadıb sıralarına çəkdikləri şəxsləri daha sonra ideoloji vasitələrlə zəhərləyirlər. Reallıq budur ki, bəzi hallarda maddi çətinliklər yaşayanları radikal təşkilatlara cəlb etmək asan olur. Çünki terrorçular insanlara gözəl gələcək vəd edirlər. İdeoloji təbliğatla beyinləri yuyulmuş kamikadzelər hazırlayır, özlərini öldürəcəkləri təqdirdə cənnətə düşəcəkləri yalanı ilə terror aktları törədirlər”.
Tədqiqatçının sözlərinə görə, araşdırmalar göstərir ki, İŞİD-ə qoşulanlar arasında maddi cəhətdən imkanlı olanlar azlıq təşkil edir:
"Yəni təşkilata sırf ideologiya baxımdan meyl edənlərin sayı çox deyil. Daha çox həyat səviyyəsi aşağı olanlar hədəf seçilir və maddi üsullarla terrorçu təşkilata cəlb edilirlər. Göründüyü kimi, İŞİD-çilər Azərbaycandan da əl çəkmirlər. Zaman-zaman ölkəmizi təhdid edirlər. Ona görə də əldəki fakta əsasən, hüquq-mühafizə orqanları bu işin sonuna qədər getməli, məsələnin üzərində ciddi dayanmalıdırlar. Cəmiyyətimiz isə daha ayıq-sayıq olmalıdır. Düzdür, digər cəmiyyətlərə nisbətən, Azərbaycan insanı möhkəmdir, həmrəydir. Avropa ölkələrində İŞİD-ə qoşulanların sayı daha çoxdur. Bu da onu göstərir ki, hökumətimizin yeritdiyi daxili və xarici siyasəti xeyli sabitdir, uğurludur”. İ.Altay Orxan Əhmədovun hadisədən dərhal sonra polisə zəng etməsini təqdir edib: "Gəncimiz gözəl vətəndaşlıq nümunəsi göstərib və polisə məlumat verib. Əslində o, sadəcə özünü deyil, bir çox gəncləri terror virusundan xilas edib. Medianın da bu məsələni işıqlandırması olduqca zəruridir. İnsanlar belə təhlükələrdən xəbərdar olmalıdır. Hər vasitə ilə, hər fürsətdə dini ekstremizmi, radikalizmi ifşa etməliyik”.
İsmayıl