Yeni baş plan bütün tikinti normalarına cavab verəcək
Prezident İlham Əliyev Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4,0 milyon manat ayrılıb.
Ekspert Nüsrət İbrahimov isə "Şərq”ə açıqlamasında deyib ki, Bakının baş planı uzunmüddətli perspektivə hesablanmış bir plandır: "Sözün düzü, Bakının Baş Planı ilə bağlı ancaq mətbuatda gedən xəbərlərlə kifayətlənirik. Layihə necə işlənib, nə qədər qalıb, heç bir məlumatım yoxdur. Amma Baş Planın böyük bir hissəsinin artıq işləndiyini güman edirəm. Düşünürəm ki, planı daha da təkmilləşdirmək və bugünkü vəziyyətə uyğunlaşdırmaq qalıb”.
Baş Planın hazırlanmasının uzun müddət tələb etdiyini vurğulayan ekspert deyib ki, işin yekunlaşması sadəcə layihə üzərində işləyən qurumdan asılı deyil. Burada digər aidiyyəti qurumların da iş prinsipi və təklifləri nəzərə alınır. Əhalinin miqrasiya durumu da Baş Planda öz əksini tapmalıdır.
Baş planda şəhərin mərkəzində 7-8 mərtəbəli binalar nəzərdə tutulub və ondan daha yüksək binalar doğru hesab edilmir kimi iddiaları real hesab etməyən N.İbrahimov deyib ki, bu ancaq naşı adamların fikri ola bilər:
"Dünyanın hər yerində iri şəhərlər horizontal yox, vertikal istiqamətdə inkişaf edirlər. Dünya əhalisinin sayı sürətlə artır, Yer kürəsinin torpaq sahəsi isə əksinə, azalır. Buzlaqlar əridikcə, quru sahələri su basır deyə adambaşına düşən torpaq sahələrinin sayı ilbəil azalır. Bunu nəzərə alan meqapolis şəhərlər horizontal yox, vertikal istiqamətə üstünlük verir.
Bakı da istisna deyil. Biz Baş Planda ancaq 5 və 7 mərtəbəli binaların tikintisini qeyd etsək, 50-100 ildən sonra əhalini yerləşdirməyə yer tapmarıq. Odur ki, hündürmərtəbəli binaların tikintisi məqbul sayılan ərazilərdə göydələnlərin tikintisi nəzərdə tutulacaq. 50-52 mərtəbələr də tikilə bilər. Güman edirəm ki, yeni baş plan bütün tikinti normalarına cavab verəcək və ən müasir tikinti normalarından çıxış edərək bu layihələr hazırlanacaq”.
Şəymən