Roma Papası Fransisk Vatikanda ənənəvi ibadət mərasimində hər kəsi soyuqdan və "insanların laqeydliyi”ndən donanlar barədə düşünməyə və onlara kömək etməyə çağırıb. Roma Papası dindarları onunla birlikdə bu soyuq günlərdə evsiz yaşayanlara dua etməyə çağırıb. Papa Fransisk artıq İtaliyada güclü soyuqlar nəticəsində ölənlərin olduğunu xatırladıb. Qeyd edək ki, son iki sutkada İtaliyada əksəriyyəti miqrant olmaqla, 8 nəfər rekord soyuqlar nəticəsində həyatlarını itirib.
Əvvəlki illərin qış mövsümlərində çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda, yəni temperaturun sıfır dərəcədən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə bizdə də müvəqqəti sığınacaqlar təşkil olunub. Sığınacaqlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslər qəbul edilərək, zəruri qida məhsulları, lazım gəldikdə tibbi xidmətlərlə təmin ediliblər. Amma nədənsə, ötən il qarlı-şaxtalı havalarda müvəqqəti sığınacaqların yaradılması halları ilə rastlaşmadıq.
Bəs, ekspertlər aidiyyəti qurumun bu istiqamətdə atdığı addımları necə dəyərləndirir. Görülən işlər yetərlidirmi?
Bu cür çağırışların tək Romada olmadığını vurğulayan "Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı dünyanın bütün ölkələrində küçədə yaşayan insanlar üçün qış aylarında sığınacaqlar yaradıldığını deyib. Azərbaycanda da həmçinin:
"Nəzərə alsaq ki, ölkəmizdə qış digər ölkələrə nisbətən mülayim keçir, amma yenə də soyuq və şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının müxtəlif ərazilərində bir neçə sosial sığınacaq çadırları qurur, küçədə yaşayan insanları yemək, isti yataq və geyimlə təmin edir. Sadəcə bizim ölkədə digər ölkələrdəki kimi bu işi reklam edib insanların gözünə soxmurlar, nazirliyin fəaliyyəti çərçivəsinə aid olduğu üçün onlar öz işlərini yerinə yetirirlər. Hər qurumun fəaliyyətində nöqsanlar axtaran, yanlış addım güdən mətbuatımız isə çox maraqlıdır ki, bu sığınacaqlar barədə ictimaiyyətə az məlumat çatdırır. Nazirliyin qurduğu sığınacaq çadırlarından reportaj edən, orda isti yemək, geyim, yataqla təmin edilən evsizlərdən reportaj, müsahibə edən çox az mətbu orqan var”.
Şəymən