"Baltikyanı ölkələr Rusiyaya tabe olmayacaq" - AÇIQLAMA




"Rusiya Baltikyanı ölkələrə təsir göstərə bilər".

Bunu Sherg.az-a NATO-nun Avropadakı qoşunlarının komandirinin eks-müavini general Riçard Şirrefin "Rusiya bir neçə gün ərzində Ukrayna və Baltikyanı ölkələri ələ keçirəcək" iddiasını dəyərləndirərkən politoloq Fikrət Sadıqov deyib. 


Ekspertin fikrincə, reallıq ondan ibarətdir ki, Ukraynada baş verən hadisələrin arxasında Rusiya dayanıb:

" Öncə Krım yadımadası və Donbas vilayətində baş verən hadisələr Rusiyanın iştirakı ilə olub. Bunu heç Rusiya özü də gizlətmir.

Qərblə Rusiyanın münasibətlərinin bu dərəcəyə gəlib çatacağı inandırıcı deyil. Bu qarşıdurmanın nəticəsində Rusiya MDB məkanında baş verən hadisələrə birbaşa müdaxilə edə bilməz. Çünki Rusiya saksiyalarla əhatə olunub, onun iqtisadi vəziyyəti o qədər də müsbət vəziyətdə deyil. Digər tərəfdən Rusiya Krımı Ukraynaya birləşdirmək və Donbaska müdaxilə etmək niyyətinə nail oldu. Qərbi Ukrayna isə heç vaxt Rusiyaya tabe olmayacaq, çünki orada qərbyönümlü əhali yaşayır. Ona görə düşünürəm ki, bu proqnoz reallıqdan bir qədər uzaqdır və şişirdilmiş şəkildə irəli sürülüb".

Rusiyanın Baltikyanı ölkələrlə münasibətlərinə toxunan politoloq bu respublikaların qərbmeyilli olması səbəbindən Sovet İttifaqının tərkibindən ilk olaraq ayrılmasını diqqətə çatdırıb:

"Moskva bu ölkələrin Avropanın tərkib hissəsi olduğunu dərk edirdi. Qərb indi Baltikyanı respublikalara Rusiyanın təzyiq göstərməsindən narahatdır. Hətta onları NATO-ya qəbul edərək, müəyyən hərbi bazaları da yerləşdirib. Rusiyanın bu 3 respublikanı (Latviya, Litva, Estoniya ) işğal etmək fikrinin olmasından əmin deyiləm. Amma Rusiya orada yaşayan rus əhalinin vasitəsilə müəyyən təzyiq nöqtəsi yaratmağa çalışa bilər. Çünki onlar başa düşür ki, Baltikyanı ölkələr Rusiyaya tabe olmayacaq. Lakin orada Rusiya haqqında hər hansı qərarın qəbulu və ya ümumi rəsmi Moskvanın imicinin yüksəldilməsi sahəsində bu addım dəstək göstərə bilər. Bu bir qədər də qarışıqlıq yaratmaq üçün əlverişlidir".

Qeyd edək ki, ötən günlərdə NATO-nun Avropadakı qoşunlarının komandirinin eks-müavini general Riçard Şirref özünün "2017: Rusiya ilə müharibə: Təcili xəbərdarlıqlar” kitabını təqdim edib. General Şirref öz kitabında Rusiyanın bir neçə gün ərzində Ukrayna və Baltikyanı ölkələri ələ keçirəcəyini təxmin edir.

Aysel Aslan