Banklar kredit faizlərini niyə yüksək qoyur ? - Ekspert günahkarı göstərdi

"Həqiqətən də bank sahəsində problemlər çoxdur”.
Bu sözləri "Sherg.az”a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili  Siyavuş Novruzovun bankların kredit faizlərinə etiraz etməsinə münasibət bildirərkən bank məsələləri üzrə ekspert Əkram Həsənov söyləyib.
Onun qənaətincə, hazırda banklarımızda kreditlərin faizləri yüksəkdir:
"Bu, həm siravi insanlar, həm də sahibkarlar üçün problemdir. Çünki götürülən krediti yüksək faizlə geri qaytarmaq da var. Burada yalnız kommersiya banklarını da günahlandırmaq olmaz. İlk növbədə faizlərin belə çox olmasının günahkarı Azərbaycan Mərkəzi Bankıdır (AMB). AMB-ın uçot dərəcəsi çox yüksəkdir. Uçot dərəcəsi AMB-nın banklara verdiyi kreditin faiz dərəcəsidir. Hazırda banklar krediti 11 faizlə verir. Hətta iki ay bundan əvvəl 15 faiz idi. 
Mən və digər ekspertlərin çağırışlarından sonra AMB 15 faizi əvvəl 13, sonra da 11 faizə saldı. Digər banklar AMB-dan 11 faizdən kredit alır. Həmin banklar 11 faizlə kredit götürüb, insanlara yenidən kredit verir. Bu zaman onlar faizi qaldırırlar. Çünki onlarda qazanc əldə etməyə çalışırlar. 
Banklar 11 faizli kredit alıb, bir az da faizi onlar artıranda artıq buna insanlar etiraz edir. Xatırladım ki, bir neçə il bundan əvvəl AMB-ın uçot dərəcəsi 3 faiz idi. İndi faiz dərəcəsi xeyli yüksəkdir. Amma bankların problemi tək bu deyil. Bura da başqa problemlər də var. Ümumiyyətlə əsəs yanlışlıq qanunların işləməməsində və məhkəmələrin qeyri-obyektivliyindədir. 
Bank insanlara kredit verir. Bilir ki, bu krediti qaytara bilməzsə, onu məhkəməyə versə, məhkəmədə ədalətli qərar əldə etmək o qədər də asan deyil. Bizim əhalidə belə bir fikir formalaşıb ki, hər zaman məhkəmədə qazanan tərəf banklar olur. Amma əslində belə deyil. Banklar adi vətəndaşlarla olan məhkəməni qazanır. Amma sahibkarlarla olan məhkəmələrdə heç də belə deyil. 
Bəzən sahibkarlar məhkəməni qazanan tərəf olur. Məhkəmələrin qeyri-mütəqil və qeyri-ədalətliliyi ona gətirir ki, banklar məcburi yüksək faiz dərəcəsi qoymaqla itkilərini ortsün. Bankdan bir şəxs kredit götürdükdə onlar ikinci şəxsi də tələb edirlər. 
Çünki bank krediti yüksək faizlə verir. Bu zaman birinci şəxs qaytara bilməsə, ikinci şəxsdən tələb edir.  Yoxsa, tək şəxsi məhkəməyə versə, uduza da bilər.  Ümumiyyətlə banklarda riskli hallar çox olduqda, kreditin faizi də yüksək olur. Banklarımızda sistemli dəyişikliklər lazımdır”.
Qeyd edək ki, deputatın sözlərinə, Azərbaycanda orta və kiçik sahiblarlıq kreditlərdən yararlana bilmir ki, oradan da dövlət büdcəsinə vergi ödənilsin və büdcə artsın:"2018-ci ildə hansı işlər görülür ki, bu faiz dərəcələri aşağı düşsün və insanlar kredit ala bilsin?" 
Kənan Eynuroğlu