Bayrağı arxa cibinə qoyan xanıma deputatdan SƏRT SÖZLƏR... - Foto

"Dövlət atributlarına – bayrağa, gerbə, himnimizə hörmətsizlik dövlətimizə hörmətsizlikdir”.
Bu barədə "Sherg.az”a millət vəkili Tahir Kərimli gənc qızın Azərbaycan bayrağını arxa cibinə qoymasına dair sosial şəbəkədə yayılan fotodan danışarkən bildirib. 
O qeyd edib ki, dövlət atributlarına qarşı hörmətsizlik edən şəxslər məsuliyyətə cəlb oluna bilərlər:
"Dövlət bütün azərbaycanlılarındır. Bu dövləti ayaqda saxlamaq üçün çalışanlar, vergi verənlər, vətənə xidmət edənlər var. Bizim üçün dövlət millətimizin müqəddəs, ən ümdə təşkilatıdır.
Bəzi dövlətlərdə bayraqların qəbulu, onların rənglərinin müəyyən mənası, əhəmiyyəti yoxdur. Bizim üçünsə, dövlət bayrağı Əli bəy Hüseynzadədən başlayan Azərbaycançılıq ideyasının təbliğidir. Mavi rəng türkçülüyü, qırımızı müasirliyi, yaşıl rəng İslamı simvolizə edir. Bütün bunlar azərbaycanlıların mənəviyyatının, soy-kökünün inikasıdır.
Çox güman ki, bayrağa dırnaqarası münasibəti ilə gündəmə gələn gənc xanım bu addımı bilmədən atıb. Amma bu böyük görk olmalı, bayraqla necə davranmaq lazım olduğunu hər kəs anlamalıdır. Sosial şəbəkələrdə həmin fotonun tənqid olunmasına mənfi yanaşmıram. Bu o deməkdir ki, insanlar öz taleyinə biganə qalmır, bayrağa müqəddəs yanaşırlar”.
Sözügedən  fotonu təqdim edirik:
Aysel Aslan