Bayram Səfərov: "Sarkisyan istefaya getməsə idi..."





"Ermənistan Azərbaycan ərazilərini işğal edəndən bəri erməni xalqı kasıbçılıq, səfalət içərisində yaşayır”.

Bu sözləri "Sherg.az”a Ermənistandakı aksiyaların səbəblərindən danışarkən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov deyib.

O vurğulayıb ki, Ermənistan regiondakı layihələrdən, bütün gəlirlərdən kənarda qalıb:

"Ermənilərin içərisində də yaranmış çıxılmaz vəziyyəti dərk edənlər var. Ona görə, xalq üsyana qalxıb, Serj Sarkisyanı devirdi. Ermənistanda heç vaxt demokratiya olmayıb. Onlar silah, ordu gücünə idarə olunurdu. İdarəçiliyə qarşı qalxan etirazları da bu metodla yatırmağa çalışırdılar.

Erməni xalqı öz sözünü deyib, rəhbər seçməlidir ki, onları ağ günə çıxara bilsin. S.Sarkisyan 10 il idi ki, hakimiyyətdə idi, erməni xalqına gün ağlaya bilmədi. Əksinə əli qana bulaşıb, Azərbaycan torpaqlarını da işğal edib. S.Sarkisyan özünü baş nazir seçdirib, vəzifədə qalmaq istəyirdi. 

Başa düşmürlər ki, bu seçimi erməni xalqı özü etməli, özünə ağıllı lider seçməli idi. Bu şəxs də Azərbaycanın istək və arzularını diqqətə alıb, işğal olunmuş torpaqlardan əl çəkməlidir”.
Sarkisyan istefaya getməsə idi, üsyanlar Ermənistanın tamamilə dağılmasına səbəb olacaqdı".

Qeyd edək ki, Ermənistanda baş qaldıran etirazlar nəticəsində erməni baş nazir Serj Sarkisyan istefaya göndərilib.

Aysel Aslan