Suriyada zəfər qazanan siyasi maraqlardır
Rusiya Prezidenti Vladimir Putinin Suriya səfəri zamanı sərgilədiyi davranışlar geniş müzakirə mövzusuna çevrilib. Xüsusən, Rusiya liderinin Suriyada özünü qalib prezident, bölgənin əsl sahibi kimi aparması, üstəlik, rus generalın Suriya Prezidenti Bəşər Əsədə qarşı davranışları daha çox diqqət çəkib.
Məlumdur ki, Putin Suriyada yerləşən hərbi bazanın əsgərləri ilə görüşə gedərkən, rus generallardan biri Suriya diktatoru Əsədin qolundan tutaraq ləngidib və onun Putinlə yanaşı, qırmızı xalı üzərində yeriməsinə mane olub. Ekspertlərə görə, bu davranış Suriyada "xozeyinin” hazırda kim olduğunu göstərən simvolik kadrlardır. Bəşər Əsəd yüz minlərlə suriyalını qətlə yetirsə də, məhz Putinin sayəsində hakimiyyətdə qalıb və indi onun Rusiya Prezidenti ilə bərabər şəkildə qələbə raportu verməsi əlbəttə ki, yersiz görünərdi. Yəni Əsəd Putinin qələbəsinə şərik ola bilməz. Nəinki hakimiyyətdə qalmasına, hətta öldürülməməsinə görə Putinə minnətdar olan Əsəd yerini bilməlidir.
Prosesləri "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan xatırladıb ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Suriyada terrorçu İŞİD qruplaşmasının axırına çıxdıqlarını bildirib. Tramp bölgənin terrorçu qruplaşmadan təmizlənməsində Amerikanın rolunu yüksək qiymətləndirib: "Qələbənin yiyəsi həmişə çox olar. Suriyada zəfər qazanan maraqlardır. O ki qaldı rusiyalı generalın Bəşər Əsədin qolundan tutub onu saxlaması, bu, düzgün sayılmır. Çünki Moskva rəsmən Bəşər Əsəd hakimiyyətini və onun prezidentliyini tanıyır. Bu baxımdan ona qarşı generalın və ya başqa hərbçinin kobud davranışı protokol qaydalarına uyğun gəlmir. Digər tərəfdən məlum hərbi baza Rusiyaya məxsusdur. Vladimir Putin öz hərbçilərinin qarşısından keçir. Bəşər Əsəd isə orada qonaqdır. Lakin Putin onu birgə addımlamağa dəvət edə bilərdi. Lakin bunu etmədi. Deməli, Əsədin qolunu çəkməyə ehtiyac var imiş. Elə general da bunu edib”. Politoloq vurğulayıb ki, Bəşər Əsəd rejimini ayaqda saxlayan, Suriyanı tamamilə dağılmaqdan xilas edənlərdən biri İran, o biri isə heç şübhəsiz ki, Rusiyadır: "Real yanaşsaq, Əsəd rus bazası olan Xmeymdə sadəcə qonaq idi. Qonaq ev yiyəsinin süpürgəsi sayılır. Harda qoysalar, orda da durmalıdır. Ona görə də Bəşər Əsədə yerini göstərdilər. Əsəd öz ölkəsində heç bir dövlət başçısına arzulanmayan bir vəziyyətə düşdü. Rusiya isə bölgədə müvəqqəti də olsa öz iddiasını nümayiş etdirə bildi”.
İsmayıl