Bəzən dahilərdə də qeyri-adiliklər olur

“NASA ilə bağlı yalan danışan gəncin üzərinə çox getmək lazım deyil”
“Çünki onun arzuları var və gələcəkdə dahi bir şəxsiyyət ola bilər”




Bir müddət əvvəl ABŞ-ın NASA kosmik agentliyinə dəvət alması ilə bağlı gündəmə gələn həmyerlimiz Kənan Əhmədlinin yalan danışdığı məlum olub. Kənan robot hazırlama üzrə təcrübə proqramını qazandığını və hazırladığı "Mələk beyni” adlı konsepsiyasının bəyənildiyini iddia etmişdi.

Qurumun ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Sarah Ramsey isə K.Əhmədlinin NASA-nın kataloqunda qeydiyyatda olmadığını bildirib: "Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan tərcübəçi qəbul edə bilmərik”. "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Osman Gündüz məsələ ilə bağlı "Şərq”ə söyləyib ki, burada kifayət qədər ciddi bir qurumdan söhbət gedir və media qurumları buna ehtiyatla və ciddi şəkildə yanaşmalı idilər: "Qurumun saytından müəyyən informasiyalar əldə olunmalı və mütəxəssislərdən məlumat alına bilərdi. Təcrübə keçmək üçün çoxlu sayda qurumlar ola bilər. Amma bu, dünyada yeganə və kifayət qədər ciddi bir qurumdu. Burada NASA-nın resurslarından araşdırmalar aparılmalıydı. Düşünürəm ki, bəzi media qurumlarının tutduğu mövqe bir qədər tərəfkar oldu. Əlbəttə, müsbət mənada yanaşaraq, həmyerlimiz olduğu üçün bu informasiyanı çatdırıblar. Buna yaxşı məqsədlə yanaşsalar da, müəyyən tərəfkeşlik var”.

Mərkəz direktorunun sözlərinə görə, gəncin addımı nə qədər uğursuz olsa da, bunu faciəyə çevirmək düzgün deyil: "Yeni karyeraya başlayan gənc üçün elə də yaxşı bir hal deyil. Lakin tarixdə bəzən dahilərin də tərcümeyi-hallarına baxanda qeyri-adiliklərə rast gəlmək olur. Fikrimcə, gəncin üzərinə getmək, sıxmaq lazım deyil. Çünki onun arzuları var və gələcəkdə dahi bir şəxsiyyət ola bilər. Hər şey aşkarlandı və üzə çıxdı. Həm media, həm cəmiyyət bu hadisədən özünə ibrət götürdü. Ümumiyyətlə, belə hallarda hər birimiz müəyyən dərs almalıyıq və bilməliyik ki, gələcəkdə bu cür məsələlərə necə yanaşmaq lazımdı”.

Yeganə Bayramova