"Bəzi dilçilərin özləri Azərbaycan dilində normal danışa bilmir" - Baş redaktor






"Ənənəvi mediada çalışan şəxslər ali təhsillidir, jurnalistika məktəbi keçiblər və ədəbi dil normalarına bələddirlər”.

Bu barədə "Sherg.az”a jurnalistlərin Azərbaycan dilinin ədəbi normalarına riayət etməməsi haqqında fikrilərə münasibət bildirərkən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. 

O, diqqətə çatdırıb ki, bəzi elektron informasiya portallarında və "reket” saytlarda dərc olunan yazılarda sözügedən problem duyulur:

"Ona görə, Azərbaycan mediasının qarşısında bu problemin dayandığını düşünmürəm. Sosial şəbəkələrdə bəzən elə şəxslər aidiyyəti olmayan mövzular ətrafında müzakirələr aparır ki, insan təəccübünü gizlədə bilmir. Bəzilərinin ümumiyyətlə, Azərbaycan dilinin ədəbi normalarından xəbəri yoxdur. Qrammatik, fonetik, leksik qaydaların elmi şəkildə dilə gətirilməsi dili mükəmməl bilmək anlamına gəlmir. İnternet resurslarında istənilən dilin qrammatikası haqqında terminlər tapmaq olar. Bunu sosial şəbəkələrdəki statuslara düzüb-qoşmaq, beləliklə tənqid səsləndirmək olar. İnsanların özünü daha ağıllı göstərmək üçün atdığı bu addımları dəstəkləmirəm. Qeyri-peşəkar şəxslərin dil haqqında, jurnalistika barədə iradlar səsləndirməsi yersizdir. Yaxşı olar, hər kəs öz işi ilə məşğul olsun”.

Elçin Mirzəbəyli diqqətə çatdırıb ki, mediada çalışan peşəkar insanlar ədəbi dil normalarının KİV-lərdə pozulmasının nə dərəcədə problem olduğunu yaxşı bilir:

"Məsələnin həlli yollarını göstərir, müzakirələr təşkil edirik. Bir müddət əvvəl iştirak etdiyim tədbirlərin birində də Azərbaycan mətbuatında dilimizin tələblərinin qorunması müzakirə olunurdu. Mətbuata irad tutulurdu. Nəticədə məlum oldu ki, tənqidlər səsləndirən dilçilərin özləri Azərbaycan dilində normal danışa bilmir.

İnsanlar ilk növbədə özünü ifadə etməyi, səlis danışmağı, yazmağı öyrənməlidirlər. Azərbaycan mətbuatına ciddi yanaşmaq, peşəkar medianı oxuyub, nəticə çıxarmaq lazımdır. Sosial şəbəkələrdə hər kəsin yaydığı informasiyanı, statusu oxumaqla dil haqqında qənaət irəli sürmək olmaz”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə klassik və yeni mediada çalışan əksər jurnalistin dil normalarına əməl etməməsi məsələsi gündəmə gəlib. Və bu, şəbəkə istifadəçilərinin ciddi müzakirə mövzusuna çevrilib.

Aysel Aslan