Yaxşı olardı ki, şagirdlər noyabrın 9-da Bayraq meydanındakı muzeyə aparılsın
Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bayraq yürüşü” keçirilib. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, KİV rəhbərləri, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər.
Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tələbə və şagirdlər bayrağımıza həsr olunmuş şeir səsləndirib, rəqslər ifa ediblər. Sonra minlərlə yürüşçü "Azneft” meydanı yaxınlığından Dövlət Bayrağı Meydanınadək yürüş ediblər.
Bəs görəsən, orta məktəblərdə Bayraq Günü haqqında şagirdlərə yetəri qədər məlumat verilirmi? Ümumiyyətlə, bu bayram məktəblərdə necə qeyd olunur?
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra təqvimə bir neçə əlamətdar günlər əlavə olunduğunu vurğulayan təhsil eksperti Kamran Əsədov 9 noyabr Bayraq Gününün də bu şanlı günlərdən biri olduğunu deyib.
Bayraq günü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhərində 10 mindən çox tələbə, məktəblilərin iştirakı ilə Dənizkənarı Milli Parkda Bayraq meydanına qədər yürüş təşkil edildiyini xatırladan ekspertin sözlərinə görə, yürüş iştirakçılarının böyük əksəriyyətini təşkil edən orta məktəb şagirdlərində böyük ruh yüksəkliyi vardı: "Təhsil Nazirliyi tarixi və əlamətdar günlərlə bağlı kütləvi tədbirlərin keçirilməsində daima maraqlıdır. Amma təəssüflər olsun ki, Bakı şəhərində yerləşən 310-dan çox orta məktəb və bu məktəblərdə 50 minə yaxın şagird-müəllim olmasına rəğmən onların bu cür tarixi əhəmiyyətli tədbirlərdə aktiv fəaliyyəti yox dərəcəsindədir. Bu hal xüsusən də regionda yerləşən məktəblərə aiddir”.
Əlamətdar günlərdə bir çox orta məktəblərdə sadəcə görüntü və plan xətrinə tədbirlər keçirildiyini vurğulayan ekspertin müşahidələrinə görə, bu tədbirlərdə daha çox aşağı sinif şagirdləri iştirak edir və təşkilatçılıq çox aşağı səviyyədədir: "Yaxşı olardı ki, tarixi və əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən, dövlətin fəaliyyətində aktiv iştirak edən şəxslər iştirak etsinlər.
Amma indi keçirilən tədbirlər məktəbin direktoru və ya direktor müavininin ümumi çıxışı, bir neçə ibtidai sinif şagirdinin şeir deməsi ilə başa çatır.
Halbuki, burda üçrəngli bayrağımızın bugünə qədərki tarixi, bundan başqa Azərbaycanın indiyə qədər dövlətçilik bayraqlarının nümunələri göstərilməlidir. Düşünürəm ki, 9 noyabr Bayraq Gününün qeyri-iş günü olmasından istifadə edərək Bakı şəhərindəki orta məktəblərin direktorları bütün şagirdlərini Bayraq meydanındakı muzeyə aparsınlar. Bu onların milli və vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm addım olardı. Lakin təəssüflər olsun ki, direktorların çox böyük hissəsi bu barədə heç düşünmür də, nəinki real addımlar atmaq”.
Şəymən