"Bir vaxt kişilər xəyanət edirdi, indi qadınlar..." - Xəyanətdən cinayətə

Mehriban Zeynalova: "Qadın kişinin roluna keçdikdə bu özünü xəyanətlərdə də göstərir"Əhməd Qəşəmoğlu: "Qadınların mənəvi məsələlərdə immuniteti çox zəifdir. Çalışmalıyıq ki, mənəvi immuniteti gücləndirək"
Son illər qadınların xəyanət etməsi və bu səbəbdən baş verən hadisələrə dair xəbərlərə mətbuatda çox rast gəlinir. Elə bu günlərdə Maştağa qəsəbəsində 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu oğlunun 24 yaşlı həyat yoldaşı Aygün Mustafayevanı (ad və soyad şərtidir) güllələyərək öldürüb və polisə təslim olub.
İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində qətlə yetirib. Belə ki, S.Məmmədovun oğlu Aygünlə 5 il əvvəl ailə həyatı qurub və onların bir oğlu dünyaya gəlib. S.Məmmədovun həyəti geniş olduğundan orada oğlu üçün ayrı ev tikib. Lakin ailələrin hamam-tualeti bir imiş. Bir neçə gün əvvəl 59 yaşlı kişi həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan, ailəli və 4 uşaq atası olan 37 yaşlı Təhmasiblə tutub.
Kişi həm gəlinindən, həm də Təhmasibdən Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.
Həmin hadisədən sonra Təhmasib Bakını tərk edib və Zaqatalada məskunlaşıb. Aygün isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi dünən tüfənglə gəlinini güllələyərək öldürüb.
İlkin araşdırmalar zamanı o da məlum olub ki, 24 yaşlı gəlinlə qonşuluqda yaşayan kişi arasında aylar ərzində gizli sevgi münasibəti olub və onlar müntəzəm olaraq yazışırlarmış, hətta Aygün Təhmasibə çılpaq fotolar da yollayıb.
Bəs evli qadınlar niyə xəyanət edir?
Məsələyə münasibət bildirən "Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova "Sherg.az"a bildirib ki, bu gün qadından can qurtarmaq, boşanmaq üçün ən asan variant onu xəyanətlə şərləyib, biabır etməkdir:
"Hüquq-mühafizə orqanları, məhkəmə vasitəsilə sübut olunmazsa, problemdən can qurtarmaq mümkün deyil. Kişilər, öldürəndə də deyir, xəyanət edib, boşayanda da. Bu, çox pis tendensiyadır. Xüsusilə, belə davranışların mətbuata çıxması, bəraət qazanması heç yaxşı hal deyil.
"Həyat yoldaşı ilə cinsi uyğunsuzluğu olub, ona görə xəyanət edib”
Qadınların xəyanətinin müxtəlif səbəbləri olduğunu vurğulayan M.Zeynalova bu səbəbləri də açıqlayıb:
"Vaxtilə qadınlar özünün intim istək və arzularını açıq bəyan edə bilmirdilər. İndi isə bunlar gündəmə gəlib. İkinci tərəfdən ailənin başçısı kifayət qədər evinə, qadınına diqqət yetirmədikdə xəyanət hallarına gətirib çıxarır. Yəni, kişi ailə qurub, amma qadının varlığına önəm vermir, ailəsinə qayğı göstərmir. Qadın daha çox diqqət mərkəzində olmaq istədiyinə görə, sosial şəbəkələrdə təhlükəsiz əməllərdən təhlükəli əməllərə keçir. Sadəcə olaraq, "qarmağa düşür”. Ərindən diqqəti görmədikdə tanış olduğu başqa kişinin xoş sözlərinə meyl edir, nəticədə ağır faciələr baş verir. Ən vacib məsələlərdən biri odur ki, sosial rollar dəyişir. Bir vaxtlar kişilər xəyanət edirdi, indi isə qadınlar buna "can atır”. Məsələn, kişi əvvəllər evin yükünü çəkmək, idarə etmək bacarığında idi, indi isə bunu əksərən qadın həyata keçirir. Qadın kişinin roluna keçdikdə bu özünü xəyanətlərdə də göstərir. Müəyyən dövr bu tendensiya davam edə bilər, qısa müddətli haldır. Amma vurğulamaq istəyirəm ki, bəzən belə hadisələr böhtan xarakteri daşıyır”.
Boşanmaları azaltmağa çalışırıq, amma...
M. Zeynalova vurğulayıb ki, ziddiyyət, davamlı münaqişə olan ailələri məcburi şəkildə saxlamaq, boşanmaların qarşısını almağa çalışmaqla problemləri həll etmək olmur:
"Bəzən çox cılız məsələlərə görə ailələr dağılır. Danışıqlar aparıb, problemləri həll etmək olar. Dərinə getdikdə görərik ki, düşüncə tərzi, fərqli davranışlar və s. olan ailələri məcburən saxlamağa çalışırıq. Çünki ortada uşaqlar var. Əgər uşaq faktoru olmasaydı, belə cəhdlər də olmazdı. Söhbət uşaqlardan, onların mənafeyindən getdiyinə görə, bu pozitiv missiya sayılır. İnsanlar keçici vəziyyət olduğunu, sonradan problemin həllinin tapa biləcəyini düşünürlər.
İndiki dünya görüşünə görə isə insanlara bunu aşılamaq çətindir. Psixoloji tutum əvvəlki kimi deyil. Əvvəllər hamı bu maarifləndirməni qəbul edirdi, uşaqların xətrinə otururdu. Hazırda problem odur ki, ata və ana öz övladının məsuliyyətini üzərinə götürmək istəmir. Əvvəlki fədakarlıq hissi də yoxdur. Ona görə, belə məcburi nikahların saxlanması faciələrə gətirib çıxarır. Bundan zərər çəkən isə yenə də uşaqlar olur. Davam edən ziddiyyətli ailədə böyümək, ər və arvadın mübahisələrini, bir-birlərinə qarşı ittihamlarını eşitmək, travmaları görmək gələcəkdə uşağın psixologiyasında ciddi fəsadlar yaradır”.
Qadınlar azadlığın nə olduğunu tam dərk etmirlər
Belə qadınların dünya görüşün dar olduğunu iddia edən sosioloq Əhməd Qəşəmoğlu isə diqqətə çatdırıb ki, bu cür insanların xəyanətə meyl etməsi, pis yola düşməsi daha tez baş verir:
"Əvvəllər cəhalət, avamlıq, dar dünya görüşü olsa da, din faktoru, adət-ənənələr insanları belə əməldən çəkindirirdi. Bu qadağalardan keçilmirdi, nəticədə cəmiyyət tənzimlənirdi. İndi isə sürətlə sosial şəbəkələrdə aktivlik, insanlar arasındakı münasibətlərə zərbə vurdu. Xanımlar bir tərəfdən dünya görüşü cəhətdən zəifdir, mənəvi dəyərlərə üstünlük verə bilmir. Həmçinin tez-tez onlar qadın azadlığı, qadınların hüquqlarının təmin olunması kimi fikirlər eşidirlər. Onlar azadlığın nə olduğunu tam dərk etmirlər.
Kişilər isə qadınına qarşı diqqətli deyil. Onlarda elə mədəniyyət yoxdur ki, ailəyə diqqət, qadına nəvaziş göstərsinlər. Ona görə, həmin qadın həyatda, sosial şəbəkədə başqa biri ilə tanış olur. Həmin şəxslər isə əksərən hiyləgər, bu cür sərgüzəştləri sevən insanlar olur. Nəticədə həmin qadına nəvaziş göstərib, ələ alır. Qadın isə öz əri ilə həmin kişini müqayisə etdikdə görür ki, öz ərindən görmədiklərini həmin yad kişidə tapıb. Sonunda isə belə xəyanət halları ortaya çıxır. Mühitdən də çox şey asılı olduğundan bu qadınların psixologiyasına bəzi rəfiqələri, baxdığı filmlər, eşitdiyi hadisələr də təsir edir. Qadın düşünür ki, hamı bunu edir, mən niyə etməyim?”
"Tərbiyəli ol” deməklə heç kim tərbiyəli olmur
Ə.Qəşəmoğlunun fikrincə, ümumən insanlara sevdiyi şəxslərin həyat tərzi, fikirləri də təsir göstərir:
"Qadının çox sevdiyi müğənni, tanınmış şəxs televiziyada öz sərgüzəştlərindən, neçə sevgilisi olmasından şit-şit danışırsa, onda maraq yaranır. Qadınların mənəvi məsələlərdə immuniteti çox zəifdir. Çalışmalıyıq ki, mənəvi immuniteti gücləndirək.
İnsanın davranışı 3 amilin – mühit, informasiya və dəyərlər əsasında formalaşır. Bu üç faktoru cəmiyyətimizdə düzəltməliyik. Get-gedə mənəvi dəyərlər cəmiyyətdə daha önə keçməlidir. Bu istiqamətdə iş aparmırıq, xəyanət edən qadınlara məsləhət, ağıl verməklə məsələ düzəlməyəcək. "Tərbiyəli ol” deməklə heç kim tərbiyəli olmur”.
Qadınların xəyanəti ictimailəşdirilir. Bəs kişilər xəyanət edəndə?
Sosioloq qadınların xəyanət etməsi hallarının bu qədər ictimailəşdirilməsinin səbəblərinə də toxunub. O deyib ki, nə kişilərin, nə də qadınların tərbiyə sistemi arzuolunandır:
"Oğlan uşağı hələ 2-3 yaşından bu cür əməllərə həvəsləndirilir. Oğlanlar 14 yaşına çatanda elə bilir ki, hansısa qızın başına oyun açmaq qəhrəmanlıqdır.Ona görə, xəyanət kişilər üçün adi hala çevrilib.
Qadınlar isə bunu etdikdə daha böyük ajiotajla qarşılanır. Digər tərəfdən qadını belə biabır edirlər ki, ondan boşanmaq asan olsun. Çünki iş məhkəməyə düşür, qohumlar, qonşular qınayır və s. Hətta bəzi hallarda boşanmaq istəyən kişi və ya ailəsi qadının üzərinə xəyanət şəri atır, zərbə vurmaq istəyirlər.”
Aysel Aslan